ATU-nun Yoluxucu xəstəliklər kafedrasında tədris hissə müdiri, dosent Vüqar Cavadzadənin təşkilatçılığı ilə “İnfektologiyanın aktual problemləri” mövzusuna həsr olunmuş rezidentlərin növbəti seminarı keçirilib.
Seminarı giriş sözü ilə açan kafedra müdiri, dosent Cəlal İsayev bu seminarların rezidentlərin gələcəkdə klinik mütəxəssis kimi yetişməsində çox böyük rol oynadığını bildirib. O indiyədək keçirilən seminarları yüksək qiymətləndirərək, bu tədbirlərin rezident və tələbələrin tədris-təcrübəni daha dərindən mənimsəmələri üçün önəmli olduğunu vurğulayıb. C.İsayev əlavə edib ki, kafedrada rezident və magistrantlara, eləcə də onların kurator və elmi rəhbərlərinə rahat şərait yaradılıb və daim dəstək verilir.
Bundan sonra tədbirdə çıxış edən rezidentlər fəaliyyət göstərdikləri klinikalarda tək-tək təsadüf edilən və atipik gedişə malik xəstələr üzərində apardıqları müşahidələrinin nəticələri haqqında məlumatlar veriblər. Onların çıxışları kafedra əməkdaşları və rezidentlər tərəfindən maraqla qarşılanıb və geniş müzakirələrə səbəb olub.
Seminarın gedişində kafedra müdiri C.İsayev və rezidentlərin rəhbərləri - dosentlər M.Muxtarov, E.Orucova, G.İbrahimova, S.Əhmədova, R.Bəylərova, Ş.Rəşidova, K.Cəfərova, assistentlər S.Məmmədov, M.Bağırova, X.Əhmədzadə və R.Nəzərova rezidentlərin çalışqan olduqlarını, elmə böyük maraq göstərdiklərini qeyd ediblər. Bununla yanaşı, öz irad və tövsiyələrini də çatdırıblar. Onlar belə maraqlı və səmərəli tədbirlərin davamlı olacağına ümid etdiklərini vurğulayıblar.
Tədbirdə Yoluxucu xəstəliklər kafedrasının müəllimləri və rezidentləri iştirak ediblər.