Prorektor Zülfüqar Musabəyov: Ölkəmizin ictimai, siyasi və sosial həyatının bütün sferalarında gənclər çoxluq təşkil edir
Fevralın 2-də Azərbaycan Tibb Universitetində Gənclər Günü münasibəti ilə tədbir keçirilib. Tədbiri universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov açıb.
Prorektor bildirib ki, müstəqil Azərbaycanda gənclər siyasətinin, o cümlədən bu bayram gününün əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub: “1996-cı il fevralın 2-də keçirilən Azərbaycan Gənclərinin Birinci Forumunda Ümummilli Lider gənclər qarşısında mühüm tarixi vəzifələr müəyyənləşdirdi. Bir il sonra isə bir qrup gənci qəbul edən Heydər Əliyev fevralın 2-nin Azərbaycan Gəncləri Günü elan edilməsi barədə sərəncam imzaladı. O vaxtdan etibarən MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda bu gün təntənəli şəkildə qeyd edilir”.
Dosent Z.Musabəyov Ulu Öndərin həmin dövrdə ağır siyasi və iqtisadi durumda olan Azərbaycan gənclərinin imkanlarını milli maraqlarımızın qorunmasına səfərbər etdiyini, onların vətənpərvər ruhda formalaşmasına zəmin yaratdığını bildirib. O, Ümummilli Liderin gənclərə etdiyi xitabı tədbir iştirakçılarının diqqətinə çatdırıb: “Ulu Öndər Heydər Əliyev demişdi ki, “siz Azərbaycanın bu günü və gələcəyisiniz. Sizin üzərinizə böyük vəzifə düşür, bu vəzifələr gələcəkdə daha da böyük olacaqdır, siz müstəqil Azərbaycanın XXI əsrdə yaradanları, quranları, inkişaf etdirənlərisiniz. Biz müstəqil Azərbaycanın taleyini gələcəkdə sizə etibar edəcək, sizə tapşıracağıq". Bu sözlər ilə Heydər Əliyev gəncliyə sonsuz etimadını, diqqətini nümayiş etdirirdi.
Sonrakı illərdə gənclərin mənəvi inkişafı, vətənpərvərlik yönündə tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli, istedadlıların müəyyənləşdirilməsi, beynəlxalq platformaya çıxış imkanları və əlaqələrin genişləndirilməsi istiqamətində sistemli şəkildə böyük işlər görüldü, layihələr icra olundu. Gənclər təşkilatlarının formalaşması və inkişafına şərait yaradıldı. Hazırda ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətinin nəticəsidir ki, ictimai, siyasi və sosial həyatın bütün sferalarında onlar çoxluq təşkil edirlər. Eləcə də ölkəmizi beynəlxalq aləmdə uğurla təmsil edirlər.
Əminliklə deyə bilərik ki, əldə olunan nailiyyətlər respublikamızda aparılan uğurlu gənclər siyasətinin tərkib hissəsidir. Biz xüsusilə Vətən müharibəsində həlledici rol oynayan gənclərimizlə fəxr edirik”.
Çıxışının sonunda prorektor qarşıdan gələn prezident seçkilərinə toxunaraq, ölkəmizin həyatında mühüm hadisə olan bu prosesdə də gənclərin aktiv rol oynayacağına, onların Azərbaycanın işıqlı gələcəyinə səs verəcəklərinə əmin olduğunu bildirib.
Dövlətimizin gənclər üçün yaratdığı hərtərəfli şəraiti və ATU tələbələrinin aktiv həyatını əks etdirən video-rolikin nümayişindən sonra Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) sədri Qoşqar İsmayılov çıxış edib. O, rəhbərlik etdiyi komitənin tələbələrin hüquqlarının qorunması ilə məşğul olduğunu bildirib: “Komandamızın heyəti genişdir. Belə ki, fakültələr üzrə sədrlər, onların müavinləri və büro üzvləri aktiv fəaliyyət göstərir. Fakültə sədrlərinin səyi nəticəsində ilk növbədə universitetimizdə təhsil alan aztəminatlı, valideynlərini itirmiş, şəhid və qazi ailələrinin üzü olan tələbələr müəyyənləşdirilir, onlara maddi və mənəvi dəstək göstərilir”.
Q.İsmayılov tələbələrin asudə vaxtlarını maraqlı keçirə bilmələri üçün klub və dərnəklərin təşkil olunduğunu da qeyd edib: “Onlardan biri “Hilal” yardım dərnəyidir. İl ərzində kimsəsiz və xəstə uşaqları ziyarət edir, onlara imkan daxilində yardımlar göstəririk. Talassemiya Mərkəzində müalicə alan xəstə uşaqlar üçün keçirdiyimiz Yeni il şənliyi və etdiyimiz yardımları buna misal çəkə bilərəm.
Tələbələrə sağlam və düzgün yaşamağı aşılamaq məqsədilə müxtəlif maarifləndirici tədbirlər təşkil olunur. Hər il keçirdiyimiz narkomaniyaya qarşı mübarizə tədbirləri də bu qəbildəndir.
2023-cü ildə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş möhtəşəm “flashmob” təşkil etdik. Daha sonra Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti və rəşadətli ordumuzun qəhrəmanlığı sayəsində qazandığımız Zəfər Gününün ildönümündə rəsm klubumuzla birgə “Rəsm festivalı” keçirdik”.
THİK sədri “Şahmat Klubu”, “İntellektual Oyunlar Komandası”, “Teatr Klubu”nun fəaliyyəti və qazandığı nailiyyətlərdən də söhbət açıb. Onu da nəzərə çatdırıb ki, bu il yanvarın 20-də “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə Beynəlxalq Muğam Mərkəzində keçirilən “Qanım Bayrağımdadır” adlı tədbirdə tələbələrimiz də iştirak edib və onların nümayiş etdirdiyi səhnələr iştirakçılar tərəfindən yüksək qiymətləndirilib.
Tədbirdə çıxış edən ATU Tələbə Gənclər Təşkilatının (TGT) sədri Məhəmməd Məmmədov təşkilatın fəaliyyətinin əsas istiqamətlərindən söhbət açıb. O, TGT-nin universitet rəhbərliyi ilə tələbələr arasında bir növ körpü rolu oynadığını, eləcə də tələbələrin asudə vaxtlarını səmərəli keçirməsinə, onların müəyyən bacarıqlarının üzə çıxarılmasına şərait yaratdığını qeyd edib: “Bu istiqamətlərdə bir çox tədbirlər həyata keçirmişik. Ötən il aprelındə Ümumdünya Səhiyyə Təşkilatının 70 illiyinə həsr olunmuş tədbirlərdə 250-dən çox tələbəmiz fəallıq göstərdi. Vətən müharibəsinin başlanması - 27 sentyabr və Zəfər Günü münasibətilə çoxsaylı tədbirlər təşkil edirik. Onlardan rəsm, şeir müsabiqələri və s. göstərə bilərəm”.
M.Məmmədov ötən ilin oktyabrında ölkəmizdə keçirilən Türk Dövlətləri Təşkilatının Forumunda 17 tələbəmizin iştirak edərək sertifikatlarla təltif olunduğunu da nəzərə çatdırıb.