Rezidentura və magistratura şöbəsinin Anesteziologiya və reanimatologiya kafedrası ilə birgə keçirdiyi növbəti seminarda beyin ölümünün diaqnostikası və müayinə üsullarından danışılıb.
Kafedranın assistenti Pərisa Xoşbonyani bildirib ki, beyin ölümü konsepsiyası texnoloji inkişafın bugünkü mərhələsində bədənin kritik sistemlərinin dönməz şəkildə məhv olması anlayışına əsaslanır: “Yəni nə indi, nə də gələcəkdə süni, bioloji, kimyəvi və ya elektron texniki vasitələrlə əvəz edilə bilməyən sistemlər yoxdur. Təkcə beyin həqiqətən əvəzolunmazdır. Beyin ölümü diaqnozunun qoyulması həm beyin ölümü baş verən xəstələrin mənasız müalicəsini dayandırmağa imkan yaratmaq zərurəti, həm də transplantasiya məqsədilə orqanların çıxarılması üçün tibbi, hüquqi və mənəvi əsasların yaranması ilə müəyyən edilib.
Beyin ölümü, həmçinin “nevroloji meyarlara görə ölüm” kimi adlandırıla bilər. Başqa sözlə desək, ürək-qan damar sistemi fəaliyyət göstərdiyi zaman, beyin və beyin kötüyü funksiyalarının geridönməz itirilməsi səbəbindən tənəffüsün süni tənəffüs aparatı ilə təmin olunması hesabına meyit “yaşayır". Klinik ölümdən fərqli olaraq, beyin ölümü diaqnozu qoyulmuş şəxsin həyata qayıtması qeyri- mümkündür”.
Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilovun moderatorluq etdiyi seminarın sonunda beyin ölümünü yoxlama vərəqəsi təqdim olunub və müzakirələr aparılıb.