ATU-nun Rezidentura və magistratura şöbəsi TCK-nın Mərkəzi Laboratoriyası ilə birgə rezidentlər üçün "Qan kulturası nümunələrinin laborator diaqnostikası" mövzusunda seminar keçirib.
Tədbirdə bildirilib ki, klinikanın laboratoriya şöbəsi xəstələrə yüksək səviyyəli xidmət göstərməklə yanaşı, həm də universitetdə yüksək ixtisaslı kadrların hazırlanması işini həyata keçirir.
Laboratoriyanın müdiri Elxan Nağıyev analiz nəticələrinin daha dəqiq və düzgün verilməsi üçün vacib olan bir sıra qaydalardan söhbət açıb.
Seminarda çıxış edən II kurs həkim-rezident Fatimə Nəsirli hemokultura nümunələrinin alınması, daşınması, rədd kriteriyaları və pozitiv siqnal verən nümunələrdə patogen/kontaminant ayrımının əhəmiyyətindən danışıb:
“Analizlər zamanı hemokultura qan dövranı infeksiyalarında patogeni və ona uyğun antibiotik həssaslıq testini təmin etdiyindən qızıl standart hesab olunur. Empirik müalicədən uyğun müalicəyə keçidi təmin edərək antimikrobial davamlılıqla mübarizədə də bizə köməklik göstərir”.
Çıxışlardan sonra mövzu ətrafında diskussiyalar aparılıb.