ATU tələbəsi Beynəlxalq Konqresin səfiridir

Bu ilin iyununda Niderlandda keçiriləcək Tibb Tələbələrinin Beynəlxalq Konqresində (ISCOMS -  International Student Congress Of (bio)Medical Sciences) Azərbaycan Tibb Universitetinin tələbələri də iştirak edəcək. 60-dan çox ölkədən yüzlərlə iştirakçısı olacaq bu tədbirdə ATU tələbələri də qeydiyyatdan keçiblər.

Ötən il konqresin iştirakçısı olan ATU-nun 4-cü kurs tələbəsi Fəridə Ağayarlı İSCOMS-da  tədqiqat aparan ilk  azərbaycanlı tələbə olub. Hazırda konqresin səfiri qismində çıxış edən  F.Ağayarlı deyir ki, üç günlük konqres boyunca tələbələr öz tədqiqatlarını bölüşməklə yanaşı, həm də tibb sahəsi üzrə mütəxəssislər tərəfindən yeni biliklər əldə edir, bir çox praktiki təlimlərə, vorkşoplara qatılırlar. Bu konqresin üstün cəhətlərindən biri də uğurlu iştirakçılar üçün xüsusi tədqiqat təqaüdünün ayrılmasıdır. Konqresdə çıxış edən yüzlərlə tələbədən yalnız 20-si bu təqaüdə layiq görülür.

Hələ ötən il Bakıda keçirilən Gənc Alimlərin və Tibb Tələbələrinin Beynəlxalq Konqresində ilk yeri tutan F.Ağayarlı həmin elmi işini İSCOMS-a da göndərib və konqresin təqaüdünü qazanıb. O, hollandiyalı mütəxəssisin başçılığı ilə elmi iş hazırlayıb və Niderlandda təqdimatını keçirib. Bütün tələbələri bu imkanlardan yararlanmağa çağıran F.Ağayarlının konqres haqqında hazırladığı postla bu linkdən tanış ola bilərsiniz:

https://www.instagram.com/reel/C2XtZfqCUwC/?igsh=MTh4cDJ4NXhleXBlaA==

Qeyd edək ki, İSCOMS tələbələrə sosial və elmi şəbəkələrini genişləndirmək imkanı verir. Zəngin elmi proqramla yanaşı, konqres bütün iştirakçılara tanış olmaq və əylənmək şansı verən əyləncələrlə dolu sosial proqrama malikdir. Bu ilki konqresdə iştirakçılar üçün qeydiyyat fevralın 19-dan sonra açılacaq.