Fevralın 23-də ATU-nun İctimai səhiyyə fakültəsi Həmkarlar İttifaqı Təşkilatının hesabat-seçki yığıncağı keçirilib.
İclasın sədri seçilən fakültənin dekanı, dosent Qalina Qəniyeva əvvəlcə gündəlikdə duran məsələləri diqqətə çatdırıb. Bundan sonra İctimai səhiyyə fakültəsi Həmkarlar İttifaqı Təşkilatı bürosunun 2022-2023-cü illərdəki fəaliyyəti haqqında təşkilatın sədri Səidə Hacıyevanın hesabatı dinlənilib. O, hesabat dövrü ərzində görülən işlər haqqında məlumat verərək bildirib ki, gündəlik işimizdə Universitet Həmkarlar İttifaqı Komitəsinin qəbul etdiyi qərarları rəhbər tutmuşuq: “Fakültə Həmkarlar Təşkilatının işinə Universitet Həmkarlar İttifaqı Komitəsinin sədri, Cahangir Qasımov və ümumiyyətlə HİK rəyasət heyəti həmişə böyük qayğı ilə yanaşıb. Biz də universitet üzrə keçirilmiş Novruz bayramı, Zəfər bayramı, “Şuşanın dağları” və “Bütövləşən Azərbaycan” adlı silsilə tədbirlərin təşkilində fakültə həmkarlar təşkilatı olaraq fəal iştirak etmişik. Azərbaycan Dövlət Filormoniyasında keçirilən Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbirdə fəal iştirakını görə Universitet Həmkarlar İttifaqı Komitəsi tərəfindən “Təbib” istirahət düşərgəsində dincəlməsinə şərait yaradılmış tələbələr içərisində fakültəmizin tələbələri də olub. Bundan əlavə, iki il ərzində Yeni il, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Novruz bayramı ərəfəsində əməkdaşlarımızın uşaqları üçün 240 şənlik bileti verilib və kafedralar üzrə paylanılıb”.
Hesabatda şəhid həkimlərin övladları üçün xüsusi hazırlanmış hədiyyələrin verilməsi, fakültənin bir neçə əməkdaşına maddi yardımların göstərilməsi də öz əksini tapıb. Həmçinin fakültə əməkdaşlarının “Təbib” və “Şəfa” istirahət düşərgələrində istirahətinə şərait yaradıldığı vurğulanıb. İkinci Qarabağ müharibəsi zamanı Tədris Cərrahiyyə Klinikasında müalicə alan yaralılara maddi yardım edilməsi, o cümlədən 6 şəhid ailəsinə 300 manat məbləğındə pul vəsaiti verilməsi qeyd olunub.
Fakültə Həmkarlar Təşkilatının sədri bütün büro üzvlərinin fakültədə nizam-intizamın təmin olunmasını əsas tutaraq, təhkim olunduqları sahədə birlikdə çalışdıqlarını söyləyib. Görülən müsbət işlərə baxmayaraq, təşkilatın işində mövcud olan bəzi çatışmazlıqların gələcəkdə aradan qaldırılması üçün əllərindən gələni əsirgəməyəcəklərini deyib.
Yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Cəlal İsayev, Fizioterapiya və tibbi reabilitasiya kafedrasının müdiri, dosent Paşa Mehdiyev, Tibbi mikrobiologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova və Elmi Təqdiqat Mərkəzinin dosenti Şimit Qasımov hesabatla bağlı fikirlərini bölüşüblər. Hesabat dövründə Fakültə Həmkarlar Təşkilatının fəaliyyətini yüksək qiymətləndirən natiqlər, Səidə Hacıyevanın təkcə fakültənin deyil, universitetin ictimai həyatındakı rolundan da məmnunluqla söhbət açıblar.
Daha sonra gündəlikdə duran digər məsələlərə baxılıb. Fakültə Həmkarlar İttifaqı Təşkilatının yeni bürosu və Universitet Həmkarlar İttifaqı Komitəsinin 2024-cü il konfransına nümayəndələr seçilib.
Yeni büro Səidə Hacıyevanı yenidən yekdilliklə Fakültə Həmkarlar İttifaqı Təşkilatının sədri seçib.