Bu gün Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında Azərbaycan–Türkiyə Ortopediya Günləri çərçivəsində elmi konfrans keçirilib. ATU və Türkiyənin Qazi Universitetinin birgə təşkilatçılığı ilə baş tutan tədbiri giriş sözü ilə klinikanın direktoru Fərid Eyvazov açıb.
O, ortopediyanın aktual problemlərinə həsr olunan konfransın tələbə və rezidentlər üçün xüsusilə əhəmiyyətli olacağını vurğulayıb, hələ 15-20 il əvvəl Türkiyədə təhsil alarkən bu formatda keçirilən konfranslardan yetərincə yararlandıqlarını xatırladıb. Eyni zamanda Azərbaycan Tibb Universiteti ilə Qazi Universiteti arasında imzalanan memorandumun elmi və mütəxəssis mübadiləsindəki rolundan danışaraq, tələbə və rezidentləri ikitərəfli müqavilənin imkanlarından faydalanmağa çağırıb və konfransın işinə uğurlar arzulayıb.
Türkiyə Sümük-Oynaq Cərrahiyyəsi Cəmiyyətinin rəhbəri, professor Vedat Şahin də tədbirdə çıxış edərək qardaş Azərbaycanda olmaqdan böyük məmnuniyyət duyduğunu, iki ölkə ortopedləri arasındakı əlaqələrin türk dünyası üçün xüsusi önəm daşıdığını diqqətə çatdırıb.
Bundan sonra dosent Baran Sarıkayanın xalq arasında sümük iltihabı və ya sümük iliyi iltihabı kimi də adlandırılan osteomielit xəstəliyi haqqında məruzəsi dinlənilib.
Mütəxəssis sümük iltihabının əlamətlərindən və yaranma səbəblərindən danışaraq qeyd edib ki, ilkin və ən aşkar simptomu ağrıdır: “Sümüyün yerləşdiyi yerə toxunarkən ortaya çıxan və ya sümüyün yerləşdiyi nahiyənin hərəkəti zamanı hiss edilə bilən ağrılar sümük iltihabının göstəricisidir. Bu baxımdan hər hansı bir məcburiyyət və ya hərəkətsizlik səbəbindən meydana çıxmayan, bir neçə həftə ərzində öz-özünə sağalmayan, uzun müddət davam edən sümük və oynaq ağrıları ciddi şəkildə diqqətə alınmalı və dərhal müayinə üçün müraciət edilməlidir”.
Onun sözlərinə görə, sümük iltihabı diaqnozu qoyulmuş xəstələrdə xəstəliyin daha da irəliləməsinin qarşısını almaq məqsədilə müalicəyə dərhal başlanılmalıdır. Müalicənin sxemi xəstəliyin şiddətinə görə təyin edilir. Yüngül gedişli sümük iltihablarında təkcə antibiotik müalicəsi yetərlidir. Müəyyən səviyyəyə qədər irəliləmiş osteomielit xəstələrində isə daha çox infeksiyalaşmış ölü sümük toxumalarının cərrahi əməliyyatla çıxarılması, ardınca stasionar şəraitdə intravenoz yolla antibiotik müalicəsinin aparılması məqsədə uyğundur.
Türkiyəli məşhur ortoped və travmatoloqların qatıldığı konfransda müvafiq sahə üzrə dünya praktikasındakı yeniliklər haqqında geniş informasiya mübadiləsi də aparılıb. Bildirilib ki, bilikləri və cərrahi vərdişləri bir araya gətirmək cəhdi ortoped və travmatoloqlara nəzəriyyəni təcrübədə tətbiq etmək və sınıqların müalicəsində daha yaxşı nəticələr qazanmaq imkan yaradır.
Konqresin uşaq ortopediyasına həsr edilən hissəsində travmalar, onların yaranması, anadangəlmə qüsur və digər məsələlər müzakirə edilib. Həmçinin hərəkət funksiyalarının bərpası məqsədilə oynaqların patologiyasının operativ müalicə metodları müzakirə olunub.
Ortopediya günlərinin keçirilməsində əsas məqsəd diaqnostika sahəsində təcrübə mübadiləsi aparmaq, cərrahi müdaxilənin optimal yollarını müəyyənləşdirməkdir. Hələ 3 gün davam edəcək Azərbaycan–Türkiyə Ortopediya Günlərinin tematik sessiyalarında türkiyəli mütəxəssislər Ulunay Kanatlı, Mustafa Özer, Baybars Ataoğlu, Mühmet Ali Tökgöz və İnci Hazal Ayas ortopediyanın müxtəlif istiqamətlərinə dair öz təcrübələrini tədbir iştirakçıları ilə bölüşəcəklər.
Qeyd edək ki, ortopediya və travmatologiya üzrə Türkiyə xəstəxanaları böyük təcrübəyə və texnologiyaya sahibdir. Türkiyədə ortopedik və travmatoloji müalicə zamanı xəstəxanalar pasiyentlərin bədən, əzələ, sümük və oynaq problemlərini travmatologiya və ortopediya şöbəsində həyata keçirirlər. Bu müalicələr fizioterapiya və reabilitasiya ilə dəstəklənir.