Rektor universitetdə yeni fəaliyyətə başlayan kafedranı ziyarət edib
 

Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli universitetdə yeni fəaliyyətə başlayan Ortodontiya kafedrasına baş çəkib. 

Rektor ATU-nun Tədris Stomatoloji Klinikasında yerləşən bu kafedranın əməkdaşları və rezident-həkimlərlə görüşüb, kafedrada tədris üçün yaradılmış şəraitlə tanış olub, dərs prosesinin gedişini izləyib.  

Professor G.Gəraybəyli Klinika və kafedra rəhbərliyi ilə görüşdə bu yeniliyin ortodontiya sahəsində ətraflı tədqiqat aparmaq istəyən gənclər üçün yeni imkanlar yaradacağını bildirib və onlara uğurlar diləyib. Rektor kafedrada yaradılmış şəraiti yüksək qiymətləndirərək, müvafiq tövsiyə və tapşırıqlarını verib.

Ortodontiya kafedrasının müdiri, dosent Ramidə Şadlinskaya hazırda 12 rezidentin klinik və tədqiqat proqramlarında iştirak etdiyini söyləyib. Rezidentlər üçün həm kafedranın əməkdaşları tərəfindən, həm də dəvət olunan mütəxəssislər tərəfindən mütəmadi mühazirə saatlarının təşkil olunduğu vurğulanıb.

Tədris Stomatoloji Klinikanın direktoru Mahir Səfərov yeni kafedranın yüksək standartlara uyğun tədris prosesinin təşkili üçün zəruri olan avadanlıqlarla tam təchiz edildiyini, burada peşəkar professor-müəllim heyətinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. M.Səfərov Klinikanın fəaliyyətində tətbiq edilən müasir təhsil metodları, yeniliklər barədə də rektoru məlumatlandırıb, həyata keçirilən islahatların tələbələrin bilik və bacarıqlarının artırılmasına yönəldiyini bildirib.

Qeyd edək ki, ortodontiya - stomatologiyanın diş-çənə anomaliyalarının etiologiyası, patogenezi, diaqnostikası və müalicə üsullarının xüsusiyyətlərini öyrənən bir sahəsidir. Ötən əsrin 70-ci illərinə kimi ölkəmizdə ortodontiya fənni tədris olunmayıb.