Martın 21-23-də Londonda Nevrologiyada Mübahisələrə dair 18-ci Ümumdünya Konqresi (The 18th World Congress on Controversies in Neurology - CONy) baş tutub. Dünyada nevrologiya sahəsində ən nüfuzlu beynəlxalq tədbirlərdən olan CONy konqresində azərbaycanlı alimlər də iştirak ediblər.
ATU-nun fizioterapiya və reabilitasiya kafedrasının professoru Sədaqət Hüseynova, nevrologiya kafedrasının müdiri Aytən Məmmədbəyli, nevrologiya kafedrasının dosenti Şəhla Məlikova konqresdə müxtəlif mövzularda məruzələrlə çıxış ediblər. Professor S.Hüseynova Azərbaycanın unikal müalicəvi sərvəti sayılan Naftalan neftinin periferik sinir sisteminin odlu silah yaralanmaları zamanı istifadəsi, Qarabağ veteranlarının reabilitasiyasında tətbiqi haqqında məruzə ilə çıxış edib. Konqresin işində Danimarkada yaşayan Aərbaycan əsilli alim, Ümumdüya Başağrısı Cəmiyyətinin prezidenti, professor Məsud Aşina yaxından iştirak edib.
CONy konqresi dünya nevroloji ictimaiyyəti üçün ən böyük illik tədbirlərdən biridir. Hər il müxtəlif ölkələrdə təşkil edilən bu tədbirdə nevrologiya üzrə beynəlxalq ekspertlər fikir mübadiləsi aparır, biliklərini paylaşır, təcrübələrinin yayılması və istifadəsinə imkan yaradırlar. Konqres çərçivəsində keçirilən hər bir sessiya debatlar şəklində təşkil olunur ki, bu da müzakirə olunan problem ətrafında geniş fikir mübadiləsi aparmağa şərait yaradır.