Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasının əməkdaşı, tibb üzrə fəlsəfə doktoru Yuris Bayramovun Lambert Akademik nəşriyyatında “Tam lövhəli protezlə ortopedik müalicədə funksional ölçü problemi” adlı kitabı çapdan çıxıb. Ortopedik stomatologiyanın aktual problemi olan ikincili tam adentiyanın ortopedik müalicəsinə həsr olunan kitabda ikincili tam adentiyanın epidemiologiyası, etiologiyası və müalicəsinə ehtiyac haqqında müfəssəl məlumat verilib. Eyni zamanda ikincili tam adentiyanın kliniki şəkli və ortopedik müalicəsində əsas məqsəd, tam çıxan lövhəli protezlərə qarşı pasiyentlərin şikayətləri, o cümlədən ikincili tam adentiyanın ortopedik müalicəsində deontoloji problemlərə toxunulub. Həmçinin “İkincili tam çıxan lövhəli protezlərin hazırlanmasında ölçü qanunu”, “Tam çıxan lövhəli protezin fiksasiyası və ona təsir edən faktorlar”, “Tam çıxan lövhəli protez hazırlanmasında kliniki və laborator mərhələlər”, “İkincili tam adentiya zamanı funksional ölçü problemi” və “Xülasə” kimi başlıqlar altında müqayisəli təhlil aparılıb.
Kitabda ədəbiyyat məlumatları təhlil olunaraq qeyd edilir ki, müxtəlif etioloji faktorların təsiri nəticəsində dişlərin itirilərək ikincili tam adentiya yaranması göstəricisi yüksəkdir. Bu yüksək göstərici əsas ortopedik müalicədə tam çıxan lövhəli protezlərə ehtiyacı qaçılmaz edir. Hazırlanmış tam çıxan lövhəli protezlər həmişə pasiyentin tam tələbatına cavab vermir və ortopedik stomatologiya qarşısında aktual problem olaraq qalır.
Müəllifin sözlərinə görə, ikincili tam adentiya zamanı tam çıxan lövhəli protezin hazırlanması tibbi göstərişə əsasən bir neçə kliniki və texniki mərhələnin ayrılmaz ardıcıllığından ibarətdir. Bu mərhələlərin hansındasa yol verilmiş səhvlik digər mərhələlərdə də davam edərək sonda nəticənin qeyri-qənaətbəxş alınmasına səbəb olur.
O da bildirilir ki, tədqiqatçıların bu problemi aradan qaldırmaq üçün göstərdikləri səy stomatoloji materialşünaslığın inkişafına səbəb olub. Lakin buna uyğun istifadə olunan müalicə metodları hələ də problemi aradan qaldırmağa qadir deyil. Elmi axtarışlar isə davam etdirilir.
Bu aktual problemin həll olunması üçün Azərbaycan Tibb Universitetinin Ortopedik stomatologiya kafedrasında aparılan tədqiqat işi də yekunlaşma ərəfəsindədir. Ümidvarıq ki, aparılan tədqiqat işi bu problemin həllinə öz töhfəsini verəcək.