Azərbaycan alimlərinin hipotireozun müalicəsi üçün hazırladıqları yeni dərman formulu beynəlxalq səviyyədə patent alıb. Azərbaycan Tibb Universitetinin I Cərrahi Xəstəliklər kafedrasının assistenti ph.dr. Azər Hümmətovun həmmüəllifi olduğu elmi tədqiqat işi beynəlxalq AvroAsiya patentini qazanıb.
Doktor A.Hümmətovun sözlərinə görə tədqiqat işi bir neçə alimin birgə əməkdaşlığı sayəsində aparılıb. ”Uzun müddətli fəaliyyət göstərən levotiroksin natrium penhidrat üçün xitozan/arabinoqalaktan əsaslı kompozisiya” adlı elmi tədqiqat nəticəsində yeni qarışıq yaradılıb. Hazırda tədqiqat işi eksperimental mərhələdədir. Araşdırmaların klinik mərhələsi başa çatdıqdan sonra nəticələri açıqlanacaq. Azərbaycan həkimlərinin bu ixtirası sayəsində hipotireozu olan pasiyentlər artıq “Levotiroxin”I hər gün deyil, 2-3 gündən bir qəbul edə biləcəklər.
Qeyd edək ki, tədqiqat işində Azərbaycan Tibb Universiteti I Cərrahi Xəstəliklər kafedrasının ilə yanaşı, Elmi Tədqiqat Mərkəzi, Əczaçılıq kimyası kafedrası, həm də AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun əməkdaşları iştirak ediblər.