Səhiyyə sahəsində əməkdaşlığın perspektivlərinə dair müzakirələr aparılıb
Sankt-Peterburqun mədəniyyət-işgüzar missiyası Azərbaycanın paytaxtına səfər edib. Səfər çərçivəsində Sankt-Peterburq Dövlət Pediatriya Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub, rektor, professor Gəray Gəraybəyli ilə görüş keçirib.
Görüşdə rektor G.Gəraybəyli ölkəmizin qocaman ali təhsil mərkəzlərindən biri olan və zəngin ənənələri ilə tanınan Azərbaycan Tibb Universitetinin fəaliyyəti, tədris proqramındakı yeniliklər barədə qonaqlara ətraflı məlumat verib. Xarici tələbələrin sayına görə ATU-nun ölkədə birinci olduğunu bildirən rektor, beynəlxalq əlaqələrimizin genişləndirilməsi istiqamətində son illər atılan addımlar barəsində də danışıb. Nümayəndə heyəti üzvlərinə, həmçinin ATU-nun nəzdindəki klinikaların fəaliyyəti haqqında məlumat verilib. Rektor G.Gəraybəyli qarşılıqlı görüş və müzakirələrin ATU ilə Sankt-Peterburqdakı tibb universitetləri arasında münasibətlərin inkişafına təkan verəcəyinə inandığını bildirib.
Sankt-Peterburq Dövlət Pediatriya Universitetinin rektoru, professor Dmitri İvanov Sankt-Peterburqdakı tibb mərkəzləri və müəssisələrinin fəaliyyətindən söhbət açıb. O bu qurumlarla Azərbaycandakı elmi tibb mərkəzləri və ATU-nun əməkdaşlığının gücləndirilməsi, əlaqələrin intensivləşdirilməsi və daha üst səviyyəyə qaldırılmasında maraqlı olduqlarını bildirib.
Sonra tərəflər arasında qarşılıqlı əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.