ATU-nun Tədris Cərrahiyyə Klinikasında Urologiya kafedrası ilə Rezidentura və magistratura şöbəsi rezidentər və gənc həkimlər üçün növbəti seminar təşkil edib. Seminara moderatorluq edən şöbə müdirinin müavini, assistent Namiq Xəlilov "Sidik axarı uşaqlıq yolu fistullarının cərrahi müalicəsi” mövzusunda çıxış etməsi üçün sözü Urologiya kafedrasının professoru Əlimərdan Bağışova verib.
Məruzəçi çıxışında qeyd edib ki, qadın cinsiyyət üzvlərinin travmalarına çox nadir hallarda rast gəlinir: “Xarakterinə görə küt travma nəticəsində əmələ gələn zədələr, deşilmiş, kəsilmiş, odlu silah yaraları, iti əşyalar üzərinə yıxılma nəticəsində olan travmalar, cinsiyyət üzvlərinə yad cismlərin daxil olması nəticəsində və yaxud da cinsi əlaqə, doğuş, tibbi əməliyyatlar zamanı əmələ gələn zədələri qeyd etmək olar.
Son 20 ildə tərəfimizdən 36 xəstəyə sidik axarı ilə sidiklik arasında yeni əlaqənin yaradılmasını nəzərdə tutan ayrı-ayrı üsullarla rekonstruktiv əməliyyatlar aparılıb. Xəstələrin yaşı 19-62 (orta yaş 32) arasında olub. Rekonstruktiv əməliyyatlar əksər hallarda gec (1 ay və daha artıq), əməliyyatdan sonrakı dövrdə icra edilib. Onlardan 2 nəfərdə sidik axarı-uşaqlıq, 24 xəstədə isə sidik axarı-uşaqlıq yolu fistulu olub. 19 xəstə əməliyyatdan sonrakı dövrdə formalaşmış birincili sidik axarı-uşaqlıq yolu fistulu ilə klinikamıza daxil olub. 3 xəstədə fistulu ləğv etmək üçün daha əvvəl başqa klinikalarda müxtəlif əməliyyatlar aparılıb. 2 xəstədə fistulun daralması nəticəsində böyrək parenximasının tam atrofiyası ilə əlaqədar (hidroureterenefroz IV mərhələ) nefrektomiya icra edilib. Ümumiyyətlə, 36 xəstə üzərində 37 rekonstruktiv əməliyyat həyata keçirilib. Sidik yollarında apardığımız rekonstruv əməliyyatların effektivliyi uzaq funksional nəticələrə əsasən öyrənilib. Xəstələrin yoxlanması üçün ekskretor uroqrafiya, qalxan sistoqrafiya, böyrəklərin USM-si və həmçinin laborator müayinələrdən istifadə olunub. Uzaq funksional nəticələr 32 xəstədə yaxşı, 2 xəstədə kafi olub. Beləliklə, mamalıq-ginekoloji və abdominal cərrahiyyə praktikasında təsadüf edilən sidik axarı-uşaqlıq yolu fistullarını vaxtında və texniki cəhətdən düzgün korreksiya etməklə böyrəklərin ikincili atrofiyasının və bununla əlaqədar məcburi nefrektomiyanın qarşısını almaq mümkündür”.
Seminarda Urologiya kafedrasının müdiri, professor Rauf Nağıyev və I Mamalıq ginekologiya kafedrasının müdiri, professor Səadət Sultanova mövzuyla bağlı fikirlərini səsləndiriblər. Onlar ölkəmizdə və dünyada bu sahədə aparılan cərrahi əməliyyatların hazırkı vəziyyətindən, eləcə də yeni müalicə üsullarından bəhs ediblər.
Maraqlı keçən toplantıda klinikanın həkim-rezidentləri və tələbələr iştirak edib, iştirakçıları düşündürən suallar cavablandırılıb.