Aprelin 2-də Azərbaycan Tibb Universitetinin qonağı olan Rusiya Səhiyyə Nazirliyinin baş neanotoloqu, Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universitetinin rektoru, professor Dimitriy Oleqoviç İvanov ATU-nun Tədris-Cərrahiyyə Klinikasında müəllim və tələbələrlə də görüş keçirib.
Rusiya nümayəndə heyətini toplantı iştirakçılarına təqdim edən ATU-nun elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov bldirib ki, bu görüş Sankt-Peterburqla Azərbaycan hökumətlərarası komissiyasının iclasının proqramı əsasında təşkil olunub və ticarət-iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq çərçivəsində işgüzar xarakter daşıyır.
O, qonaqları tədbir iştirakçılarına təqdim etdikdən sonra professor Dimitriy İvanov özünün həyatı və elmi-pedaqoji fəaliyyəti barədə ətraflı məlumat verib. Sözünə davam edən qonaq rəhbərlik etdiyi Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universitetinin yaranma tarixi, həmçinin keçdiyi inkişaf yolu və eləcə də maddi-texniki bazasının hazırkı durumu haqqında ətraflı məlumat verib. O, əlavə edib ki, bu universitet 1925-ci ildə yaradılıb və Rusiyanın qocaman tibb universitetlərindən biri hesab olunur: “İlk əvvəllər bu məktəb uşaq və anaların qorunması institutu adlanıb və sonradan Sankt-Peterburq şəhərində öz strukturunda poliklinikaya malik olan yeganə ali tibb məktəbinə çevrilib.
Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universiteti üçün ən çətin dövr Böyük Vətən müharibəsi illəri olub. O zaman ölkənin üzləşdiyi ağır müharibə vəziyyətinə baxmayaraq, bu təhsil müəssisəsi öz fəaliyyətini dayandırmamış və gələcək həkimlər yetişdirmək üçün işinə davam etmişdir. Müharibə zamanı təlimdən əlavə, həm də burada insanlar müalicə edildiyi üçün xəstəxana da açılıb. Əməkdaşlar ac uşaqlara, köməksiz qalan qocalara, yaralı və xəstə əsgərlərə yetərincə lazım olan tibbi yardım ediblər.
1994-cü ildə Uşaq Tibb İnstitutu adlandırılıb. Bir neçə il əvvəl isə bu ali təhsil müəssisəsinin statusu yenidən dəyişdirilib. 2013-ci ildə təhsillərini başa vuran məzunlar Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universitetinin diplomunu alıb”.
Rektor onu da vurğulayıb ki, Sankt-Peterburq Dövlət Pediatriya Tibb Universiteti hazırda Rusiyanın ən güclü universitetlərindən biridir və kifayət qədər yüksək keçən puanları var.