Aprelin 3-də Azərbaycan Tibb Universitetində millət vəkili Jalə Əhmədovanın tələbələrlə görüşü keçirilib. Görüşdə tələbələrlə yanaşı, professor-müəllim heyəti də iştirak edib.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Vətənimizin azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himnimizin səsləndirilməsi ilə açılıb. ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev millət vəkili Jalə Əhmədovanı tədbir iştirakçılarına təqdim edərək, qonağın Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının, Müstəqil Dövlətlər Birliyinin üzvü olan dövlətlərin Parlamentlərarası Assambleyası Şurasının üzvü və Azərbaycan-Estoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri olduğunu diqqətə çatdırıb. Onun, həmçinin bir sıra ictimai vəzifələr daşıdığını, bir sıra ictimai təşkilatların üzvü və rəhbəri olduğunu qeyd edib. Prorektor onlardan tibb sahəsi ilə bağlı olanları vurğulayıb və bildirib ki, millət vəkili, eyni zamanda Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin fəxri üzvü, Azərbaycan Autizm Assosiasiyasının prezidenti, Türk Dövlətləri Autizm Federasiyasının baş katibidir.
ATU-da tədris fəaliyyəti, tələbələrin universitetin ictimai həyatındakı rolu ilə bağlı video-rolik nümayiş etdirildikdən sonra millət vəkilinə söz verilib. J.Əhmədova çıxışında Azərbaycan gəncliyinin üzərinə düşən məsuliyyət və vəzifələrdən, dövlətimizin gənclərlə bağlı apardığı ardıcıl və məqsədyönlü siyasətdən, onlara yaradılan şəraitdən söhbət açıb: “Sizlərlə bu görüşümüzə şərait yaratdığı üçün başda universitetin rektoru, professor Gəray Gəraybəyli olmaqla rəhbər heyətə, görüşün təşəbbüskarı, Bioloji kimya kafedrasının baş müəllimi Firəngiz Quliyevaya təşəkkürümü bildirirəm. Bilirsiniz ki, mən qanunverici orqanda təmsil olunuram. Dövlətimizin gənclərə olan münasibəti, onlar üçün yaradılan şərait, cənab prezidentimizin Azərbaycan gənclərinə göstərdiyi etimad və verdiyi yüksək qiymət hər birinizə yaxşı məlumdur. İlk dəfə Gənclər Günü Ulu Öndərin təşəbbüsü ilə təsis olunub. Məhz onun dövründə Gənclər və İdman Nazirliyi təşkil olunub və gənclərimizin xaricdə təhsil alması üçün geniş imkanlar yaradılıb.
Bizim tələbəlik dövrümüzdən fərqli olaraq, müasir gənclik rahat şəraitdə təhsil alır. Bizim sizin qədər informasiya əldə etmək imkanlarımız yox idi. Siz daha şanslı gənclərsiniz. Çünki sizin üçün oxuduğunuz ali məktəblərdə daha gözəl şərait yaradılıb. Həm də müasir müəllimlər gənclərə münasibətdə olduqca açıqdırlar, hər bir sahədə tələbələrə həvəslə yardımçı olmağa çalışırlar”.
Millət vəkili təəssüflə bildirib ki, indiki gənclərin böyük əksəriyyətində ideoloji boşluq müşahidə edir: “Müxtəlif görüşlərdə gələcəklərini necə görmələri ilə bağlı verdiyim sualın cavabında gənclərimizin susqunluq nümayiş etdirməsi məni heç də qane etmir. Müasir gənclik çevik olmalı, gələcəyini necə qurmağı aydın şəkildə müəyyənləşdirməli və planlı şəkildə düşünməlidir. Necə ki, cənab prezidentimiz deyir ki, Azərbaycan xalqı özü öz gələcəyini düşünməlidir. Öz gələcəyini necə görürsə, bu istiqamətdə özü hərəkət etməlidir. Baxın, bu məsələdə əsas yük məhz siz gənclərin üzərinə düşür”.
Daha sonra natiq autizm xəstəliyinin cəmiyyətimizdə yaratdığı problemlərdən söhbət açıb. Belə körpələrin dünyaya gətirilməsinin qarşısını almaq məqsədilə gənclərə öz tövsiyələrini də verib: “Təəssüf ki, son dövrlər ailələrimizdə əlilliyi olan körpələrin sayı artır, dünyaya əlil olan övladlarımız daha çox gəlməyə başlayır. Təbii ki, biz bunun səbəbinin nədən qaynaqlandığını analiz etməli və düşünməliyik. Burada subay gənclərimizə bir tövsiyəm var. İlk öncə erkən nikahlardan, qohum evliliklərindən çəkinmək lazımdır. Çünki bu cür fəsadlar ən çox qohum evliliyi zamanı baş verir. Eləcə də ailə qurmamışdan öncə müayinədən keçin ki, sonradan peşmançılıq yaşamayasınız. Mən vaxtaşırı bu cür gənc ailələrlə görüşürəm. Onların bu həyatda nə qədər nakam qaldıqlarının şahidi oluram. Bir-birinizi nə qədər sevsəniz də, sabah belə övladlar dünyaya gələndə gözlərinizdə o sevgi, coşqu yox olur. Çünki əlilliyi olan övlad dünyaya gətirmək həmin andan həyatını, ömrünü, xoşbəxtliyini ona bağlamaq deməkdir. Çox təəssüf ki, bu cür hallarda 99 faiz xanımlarımız tək qalır, öz ağrı-acılarını təkbaşına çəkməli olurlar. Ona görə də yolunuz düzgün seçin və ağıllı qərarlar verin”.
Çıxışından sonra millət vəkili tələbələrin çoxsaylı suallarını ətraflı şəkildə cavablandırıb.
Görüşün təşəbbüskarı olan Firəngiz Quliyeva isə öz çıxışında Jalə Əhmədovanın ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasətini dəstəkləyən və təbliğatını geniş şəkildə aparan millət vəkillərindən biri olduğunu qeyd edib. Müasir Azərbaycan gənclərinin Vətən sevgisi ilə, vətənpərvərlik ruhunda böyüməsinə toxunan natiq, tələbələrlə təşkil olunan bu görüşün əhəmiyyətini vurğulayıb. F.Quliyeva bu günlərdə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı ilə təltif olunmaları münasibətilə professor Sabir Əliyevi və millət vəkili Jalə Əhmədovanı təbrik edib.