Azərbaycan Tibb Universitetinin İctimai Səhiyyə fakültəsinin nəzdində fəaliyyət göstərən “İctimai sağlamlıq və gigiyena” üzrə Problem Komissiyasının növbəti iclası keçirilib.
İclasda Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli kafedranın gündəliyinə daxil olunan elmi hesabatı təqdim edib. O, məruzəsində cari tədris ilində kafedrada aparılan elmi-tədqiqat işlərinin vəziyyəti barədə məlumat verib. Bildirib ki, Prezident İlham Əliyevin 25 dekabr 2023-cü il tarixli Sərəncamı ilə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilib. F.Əli həmin sərəncamla əlaqədar kafedrada nəzərdə tutulan işləri komissiya üzvlərinin nəzərinə çatdırıb: “Sərəncamda qeyd olunur ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq, ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından, həmçinin dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Bu sərəncam ölkəmizin təhsil sistemi qarşısında da müvafiq vəzifələr qoyur. “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində kafedramızda da praktik əhəmiyyət daşıyan bir sıra tədbirlərin təşkil olunması nəzərdə tutulub. Əməkdaşlarımız bu istiqamətdə təcrübə mübadiləsi aparır, müxtəlif aksiyalarda, elmi-praktik konfranslarda və tərəfdaşlıq görüşlərində iştirak edirlər.
Nəzərdə tutulan bu tədbirlər tələbələrin ekoloji dünyagörüşünün, eləcə də təbiətə münasibətdə əxlaqi yanaşma mövqeyinin və təbii sərvətlərin öyrənilməsi vasitəsilə səriştələrinin formalaşmasını, eləcə də tədqiqatçılıq bacarıqlarını, ekoloji yönümlü fəaliyyətə cəlb edilmələrini, həmçinin praktiki bacarıqları və təşkilatçılıq qabiliyyətlərini mənimsəmələrini stimullaşdıra bilər”.
Maraqla qarşılanan məruzə ətrafında geniş müzakirələr aparılıb və iştirakçıları düşündürən suallar cavablandırılıb.
İclasda Problem Komissiyası tərəfindən doktorantların elmi işlərinə rəyçilərin təyin edilməsi məsələsi də müzakirə olunub.