Azərbaycan Tibb Universitetinin Ağciyər xəstəlikləri kafedrasının müdiri, dosent, tibb üzrə fəlsəfə doktoru Rafiq Bayramovun müəllifliyi ilə Tibb Universitetinin tələbələri üçün “Ağciyər xəstəlikləri” dərsliyi nəşr olunub.
Ali tibb təhsili proqramına müvafiq hazırlanmış, bronx-ağciyər patologiyalarını tam əhatə edən və doğma ana dilimizdə ilk olan bu dərslikdə tənəffüs orqanlarının anatomik-fizioloji xüsusiyyətləri, bronx-ağciyər patologiyası olan xəstələrin müayinə üsulları, tənəffüs orqanlarının infeksion-iltihabi və xronik xəstəlikləri, tənəffüs orqanlarının irsi və parazitar patologiyaları, ağciyərlərin peşə-toz xəstəlikləri, ağciyərlərin interstisial xəstəlikləri, plevra patologiyaları, ağciyər damar (qan dövranı) patologiyaları, pulmonologiyada təcili yardım halları və yuxuda tənəffüs pozulmaları haqqında müasir məlumatlar öz əksini tapıb. Dərslikdə ağciyər xəstəliklərinə aid dünyada əldə olunmuş son elmi nailiyyətlər yer alıb.
Tibb ixtisası üzrə təhsil alan ali təhsil müəssisələrinin tələbələri üçün hazırlanmış dərslikdən tələbələrlə yanaşı, müvafiq sahə üzrə ixtisaslaşan həkim-rezidentlər, gənc həkimlər və tibbin müxtəlif sahələrində çalışan, gündəlik praktikalarında bronx-ağciyər patologiyaları ilə rastlaşan həkimlər də istifadə edə bilər.