ATU-nun gənc kafedralarından olan Təcili tibb kafedrasında ənənəvi üsullar ilə yanaşı, innovativ tədris metodları, nəzəri dərslərdə böyüklər üçün nəzərdə tutulan müxtəlif oyunlar tətbiq edilir.
Praktik bacarıq dərsləri müxtəlif maket-mulyajların tətbiqi sayəsində daha öyrədici və yaddaqalan olur. Nəzəri dərslərin darıxdırıcı olmaması və daha yaxşı mənimsənilməsi üçün Riziko və Kahoot oyunları istifadə edilir.
Kafedrada VR-ın (virtual reality) tətbiqi tələbələrin kritik situasiyalara aid biliklərini, bacarıqlarını, ən əsası isə, davranışlarını inkişaf etdirməyə və qiymətləndirməyə xidmət edir. VR simulyasiya dərsləri ilə tələbələr müxtəlif ssenarilər üzrə (multitravma, pediatrik sinkop, septik şok, döş qəfəsi ağrısı və s.) baş verə biləcək ölümün qarşısını alır, xəstəni stabilləşdirir və xəstə menecmentini həyata keçirirlər.
Qeyd edək ki, tətbiq olunan ssenarilərin lisenziyasını (SimX firması, ABŞ) kafedranın müəllimləri 9-cu Avrasiya Təcili Tibb Konqresi - SimX Workshop at EACEM-2023 konfransında keçirilən müsabiqədə mükafat olaraq əldə ediblər və o, hazırda tədris prosesində uğurla istifadə olunur.
Kafedrada həm dərs proqramının mövzuları, həm də dərslərin fərqli üsullarda təşkili tələbələr tərəfindən maraqla qarşılanır. Bu da onların dərslərdə yüksək motivasiya ilə iştirakına, əylənərək öyrənməsinə, qazandıqları bilik və bacarıqların daha yaddaqalan olmasına əsas verir.