Beynəlxalq Ağız və Üz-çənə Cərrahların Assosiasiyası (IAOMS) Beynəlxalq Qadınlar Günü və Qadın Tarixi Ayı münasibətilə ağız və üz-çənə cərrahiyyəsi sahəsində qadın həkimlərin töhfələrinə həsr olunmuş layihə hazırlayıb. Layihənin əsas məqsədi tibb elminin inkişafında qadınların rolundan danışmaq və onların nailiyyətlərini beynəlxalq səviyyədə nümayiş etdirməkdir.
Böyük marağa səbəb olan layihəyə ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosenti, dr. Nigar Sultanova da daxil edilib. Bildirilib ki, N.Sultanova ATU-da təhsil alıb, 2000-ci ildə tibb elmləri sahəsində fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini uğurla müdafiə edib. 2003-2004-cü illərdə İstanbulda, professor Onur Erolun rəhbərliyi ilə Elmi Plastik Cərrahiyyə İnstitutunda (ONEP) plastik cərrahiyyə üzrə təcrübə keçib. 2012-ci ildə ATU-nun Ağız və üz-çənə cərrahiyyəsi kafedrasına dosent vəzifəsinə təyin olunub. 2000-2005-ci illər ərzində N.Sultanova professor Lesli Farkasın rəhbərliyi altında 26 etnik qrup/irqdən olan şəxslərin antropometrik parametrlərinin öyrənilməsi üzrə beynəlxalq layihədə iştirak edib. Üz antropometrik parametrlərinin dünyanın ən böyük müqayisəli məlumat bazası 2005-ci ildə “Journal of Craniofacial Surgery” jurnalında dərc olunub. O, sitat indeksi 900-dən çox olan 73-dən çox elmi nəşrin müəllifidir. 2000-ci ildən bir sıra üz-çənə cərrahiyyəsi (AzOMS), (IAOMS), 2007-ci ildən plastik cərrahiyyə (ISAPS), (PRAS) və 1999-cu ildən antropologiya (EAA) cəmiyyətlərinin üzvüdür.
Qeyd olunub ki, N.Sultanovanın cərrahi fəaliyyətinə anadangəlmə və qazanılmış üz deformasiyalarının aradan qaldırılmasında, kəllə-üz kompleksinin estetik və rekonstruktiv əməliyyatlarında nisbətlərin, harmoniyanın, simmetriyanın və relyefin bərpası daxildir.