Dişlərə breket qoyularkən nələrə diqqət olunmalıdır?
Həkim-ortodont Güney Həsənova: Müalicə zamanı müəyyən qida və içkilərdən uzaq olmaq lazımdır
Ortodontiya - stomatologiyanın üz-çənə anomaliyalarının diaqnozu və müalicəsi ilə məşğul olan bir sahəsidir. Bu müalicə ortodont tərəfindən həyata keçirilir, dişlərin və çənələrin üçölçülü münasibətini normaya gətirir. Ortodontik müalicə sayəsində istənilən yaşda insanlar gözəl təbəssüm, yaxşılaşdırılmış ağız və diş sağlamlığı, daha yaxşı həyat keyfiyyəti əldə edirlər.
Bu fikirləri Ortodontiya kafedrasının assistenti, həkim-ortodont Güney Həsənova bildirib. Qeyd edib ki, Beynəlxalq Ortodontiya Assosiasiyası 7 yaşdan yuxarı bütün uşaqların ortodontik müayinədən keçməsini tövsiyə edir. Çünki inkişaf problemləri erkən yaşda müəyyən edilə və profilaktik tədbirlər görülə bilər. Onun sözlərinə görə, əgər anomaliyalar proqnozlaşdırılarsa, erkən müalicə gələcəkdə böyük problemlərin qarşısını almaq üçün çox faydalıdır. İlk qəbulda heç bir müalicə aparılmasa da, müayinə və çəkilən rentgenlər böyümə və inkişafı izləmək baxımından əhəmiyyətlidir.
Ortodontiyada ən yaxşı müalicənin inkişaf pozğunluqlarının düzəldilməsi ilə aparılan müalicələr olduğunu söyləyən G.Həsənova, ilk müayinənin hətta 7 yaşdan erkən aparılmasının vacibliyini vurğulayıb. Çünki bu yaşda üz nahiyəsində böyümə və inkişaf üçün hələ böyük potensial var: “Ortodontik müalicə ilə bir çox problemi həll etmək mümkündür. Amma ən idealı odur ki, bu problemlər meydana çıxmadan qarşısı alınsın. Bir çox valideynlər süd dişlərinin düşəcəyini və yerinə daimi dişlərin gələcəyini düşünsələr də, süd dişləmi dövrü uşağın daimi dişləm dövrünə çox böyük təsir göstərir. Hətta süd dişlərinin kontakt səthlərində olan kariyeslər bu dişləri bir-birinə yaxınlaşdıraraq çənə qövsündə yer itkisinə və daimi dişləmdə yer çatmamazlığına səbəb ola bilir. Xüsusilə, süd dişlərinin vaxtından əvvəl çəkilməsində bu itki daha çox olur. Problemlər vaxtında aşkar edildikdə və profilaktik ortodontik müalicə aparıldıqda, gələcəkdə müalicə ehtiyacını xeyli azaltmaq mümkündür”.
G.Həsənova onu da diqqətə çatdırıb ki, yetkin insanlarda istənilən yaşda ortodontik müalicə məqbuldur. Amma yetkin insanlarda dişlərin çəkilməsi səbəbindən digər dişlərin yerdəyişməsi baş verə və ya mövcud anomaliyalar ola bilər. Bütün bu problemlər ortodontik müalicə və bəzən stomatologiyanın digər sahələri ilə birlikdə asanlıqla həll edilir: “Fərqli ortodontik müalicə üsullarından biri də breket müalicəsidir. Pasiyentin müayinəsindən sonra ortodont tərəfindən qərar verilən bu müalicə üsulu üçün düzgün breket sistemini seçmək çox vacıbdir. Dişlərin ideal şəkildə düzülməsinə kömək edən bu sistem xəstənin sağlam ağız və diş quruluşunu təmin edir.
Breket müalicəsi uzunmüddətli, səbr və qayğı tələb edən bir prosesdir. Ortodont həkim xəstəyə lazımi məlumatları verməli və müalicə prosesini ətraflı izah etməli, xəstə də həkimin dediklərinə əməl etməlidir. Əks halda, bu prosesin sonunda arzuolunan nəticəni əldə etmək mümkün deyil. Breketləri taxdıqdan sonra pasiyent bir müddət ağrı hiss edə bilər. Ancaq ağrı davam edərsə, həkimə müraciət olunmalıdır. Müalicə zamanı müəyyən qida və içkilərdən uzaq olmaq lazımdır. Bunlara alma, armud, çörəyin sərt tərəfi, cips və qoz-fındıq kimi sərt qidalar daxildir. Karamel şokolad, saqqız kimi yapışqan qidalar, spirtli və qazlı içkilər dişlərdəki breketləri qopara və müalicə zamanı çətin vəziyyət yarada bilər. Ona görə də breketlərin zədələnməsinin qarşısını almaq üçün yumşaq, sulu və asanlıqla parçalanan qidalara üstünlük verilməlidir”.
O, breket müalicəsi zamanı ağız gigiyenasına riayət etməyin çətinliyindən də danışaraq qeyd edib ki, breketlər daha çox ərp və qida qalıqlarını saxladığına görə, daha hərtərəfli ağız gigiyenası tələb edir. Ərpin yığılması pasiyentlərin ağız sağlamlığına mənfi təsir göstərə bilər. Məsələn, minanın demineralizasiyası, kariyes və diş əti iltihabının qarşısını almaq üçün hər yeməkdən sonra gündəlik təmizləmə tələb olunur.
Breket müalicəsinin davametmə müddətində bir çox faktorların rolundan söz açan həkim-ortodont xatırladıb ki, diş quruluşu və diş anomaliyalarının növü əsas amillərdir. Seçilən breket sisteminin növü, pasiyentin müalicə dövründəki intizamı, ağız boşluğuna qulluğu, sonradan istifadə edilən retension aparatlar kimi bir çox faktorlar da önəmlidir. Bunlarla yanaşı, breket müalicəsindən sonrakı dövr də müalicə dövrü qədər mühümdür: “Breket müalicəsinin uzunmüddətli olması, pasiyentlərin motivasiyasının azalması səbəbiylə müalicənin tez bitirilməsinə və müalicə sonrası retension aparatların istifadə edilməməsinə səbəb olur. Bu da müalicənin effektivliyini aşağı salır. “Breketdən sonra dişlərim əyildi” şikayəti də bu səbəbdən qaynaqlanır. Təkrar breket müalicəsi isə bəzi pasiyentlərdə riskli ola bilir. Bunun üçün ağız boşluğu və rentgenoloji müayinə ortodont həkim tərəfindən qiymətləndirilməli və meydana çıxacaq risklər pasiyentə anladılmalıdır. Müəyyən çətinliklərə baxmayaraq, gözəl bir təbəssümün müsbət tərəflərini yaşamaq heç vaxt gec deyil”.