Azərbaycan Tibb Universitetinin Tədris işləri üzrə prorektoru, professor Sabir Əliyev fevralın 7-də ölkəmizdə keçirilmiş növbədənkənar prezident seçkilərində səmərəli fəaliyyətinə görə təltif olunan əməkdaşlar - Epidemiologiya kafedrasının müdiri, professor İbadulla Ağayev və Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Müşfiq Həsənovla görüşüb.
Görüşdə növbədənkənar prezident seçkilərinin yeni reallıqların doğurduğu yeni hədəflərə doğru atılmış mühüm addım olduğu vurğulanıb. Belə ki, suverenliyini tam bərpa edən Azərbaycanda ilk dəfə olaraq bütün ərazilərdə seçki məntəqələri fəaliyyət göstərib. Xalqımızın növbəti dəfə sülhə, inkişafa, suverenliyə səs verdiyini nəzərə çatdıran prorektor S.Əliyev seçkilərdəki aktivliyə görə mükafatlandırılanlar sırasında ATU əməkdaşlarının yer almasını xüsusi vurğulayıb.
Qeyd edək ki, professor İbadulla Ağayevə Yeni Azərbaycan Partiyası Hacıqabul rayon təşkilatının fəaliyyətində aktiv iştirakına və prezident seçkiləri zamanı rayonda seçki prosesinin azad, şəffaf keçirilməsinə verdiyi töhfələrə görə adıçəkilən rayon təşkilatının sədri İsmayıl İbrahimov tərəfindən “Təşəkkürnamə” təqdim olunub.
Eyni zamanda, ATU-nun professoru Qalib Qarayev və Tələbə Elmi Cəmiyyətinin sədri, dosent Müşfiq Həsənov YAP tərəfindən namizədliyi irəli sürülmüş İlham Əliyevin seçkiqabağı təşviqat kampaniyasında göstərdikləri yüksək xidmətlərə görə YAP Füzuli rayon təşkilatının sədri Nazimə Şamıyeva tərəfindən “Fəxri fərman”la təltif ediliblər.
Görüşdə prorektor S.Əliyev fəxri fərman və təşəkkürnaməni ATU əməkdaşlarına təqdim edib, universiteti layiqli şəkildə təmsil etdiklərinə görə onlara təşəkkürünü bildirib.