ATU-nun Nevrologiya kafedrası ilə Rezidentura və Magistratura şöbəsinin Tədris Terapevtik Klinikada təşkil etdiyi növbəti seminar "Dağınıq skleroz"a həsr edilib. Adıçəkilən şöbənin müdir müavini, assistent Namiq Xəlilov mövzunun aktuallığını diqqətə çatdıraraq vurğulayıb ki, hazırda dünyada çox sayda insanlar, o cümlədən gənclər dağınıq sklerozdan (DS) əziyyət çəkir və bu mövzuda araşdırmalar aparmaq hər birimiz üçün önəm kəsb edir.
Seminarda məruzə ilə çıxış edən Nevrologiya kafedrasının I kurs rezidenti Fidan Həsənova bildirib ki, dağınıq skleroz dünyada ən çox gənc və yetkin yaşlarda rast gəlinən, 20-40 yaş arasında tez-tez diaqnoz qoyulan və kişilərdən iki dəfə çox qadınlarda müşahidə edilən geniş yayılmış xroniki, nevroloji xəstəlikdir.
Məruzəçi deyib ki, bu xəstəliyin bilinən yeganə səbəbi yoxdur. Lakin bir çox genetik və ətraf mühit faktorlarının xəstəliyin inkişafına kömək etdiyi sübut olunub: “Dağınıq sklerozda bədənin öz immun sistemi neyronların aksonlarının üzərini örtən mielin qişaya hücum edərək zədələyir. Sinir sistemini qorumaq və izolyasiya etmək lazımdır ki, beynin bədənin qalan hissəsinə göndərdiyi sinir impulsları tez və səmərəli şəkildə yayılsın. DS mərkəzi sinir sisteminin demielinizasiya (yəni sinirlərimizi izolə edən və qoruyan mielin təbəqəsinin dağılması) ilə gedən autoimmun xəstəliyidir. Adətən 20-50 yaş arası görülə bilər. İnsan yaşa dolduqca bu risk azalır. Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir”.
Tədbirdə mövzuya dair fikirlərini bölüşən Nevrologiya kafedrasının dosenti Ramin Rzayev vurğulayıb ki, dağınıq skleroz mərkəzi sinir sisteminə təsir edən geniş spektrli simptomlar və eləcə də problemlərə səbəb olan xroniki autoimmun xəstəlikdir: “İmmun sisteminin sinir liflərinin qoruyucu örtüyünə hücum etməsi ilə xarakterizə olunan bu vəziyyət beyin, onurğa beyni və optik sinirlər daxilində elektrik impulslarının normal axınını pozur. Bu autoimmun xəstəlik insanlarda yorğunluq, yerimə çətinliyi, uyuşma və qıcolma, əzələ zəifliyi, koordinasiya və tarazlıq problemləri daxil olmaqla müxtəlif simptomlarla özünü göstərir”.
Nevrologiya kafedrasının müdiri, professor Aytən Məmmədbəyli DS və digər nevroloji xəstəliklərin diaqnostika və müalicəsinin dərindən öyrənilməsi məqsədilə gənc mütəxəssislərdə bu sahəyə marağın yaranması üçün belə tədbirlərin ardıcıl olaraq keçirilməsinin önəmli olduğunu qeyd edib.
Seminarda ATU-nun Tədris Terapevtik Klinikasının direktor müavini Fəridə Hacıyeva, həmçinin Nevrologiya kafedrasının əməkdaşları, rezidentlər və tələbələr iştirak ediblər.