Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikasının Klinik-diaqnostik laboratoriyasında, eləcə də klinikanın özündə bu ildən etibarən XMİS (Xəstəxana Məlumatlarını İdarəetmə Sistemi) proqramı tətbiq olunur.
Laboratoriyanın müdiri Taleh Əliyevin sözlərinə görə, 2014-cü ildən LMİS (Laboratoriya Məlumatlarını İdarəetmə Sistemi) proqramından istifadə edirmişlər: “Bu proqram vasitəsilə laborator diaqnostikanın bütün mərhələləri – pre-analitik, analitik və post-analitik mərhələlər avtomatlaşdırılaraq elektronlaşdırılmışdı. Yəni xəstələr qeydiyyat bölməsində qeydiyyata düşür, ad və soyadlarla barkordlar vakuumlu qanalma sınaq şüşələrinin üzərinə yapışdırılırdı. Qəbul bölməsində nümunə qəbul edilir, çeşidlənir, sentrifuqasiyadan keçirilir və hər bölməyə uyğun olaraq qan nümunələri paylanırdı”.
T.Əliyev müasir tələblərə uyğunlaşmaq, operativliyi təmin etmək məqsədilə həmin proqramın yenisi ilə əvəz olunduğunu diqqətə çatdırdı: “2024-cü ilin yanvarından etibarən Klinikamızda XMİS proqramı qurulub. Bu proqram vasitəsilə klinikaya daxil olan pasiyentlər mərkəzləşmiş qaydada, daha operativ şəkildə qeydiyyat olunur, ixtisasa uyğun həkim qəbuluna yönləndirilir. Klinisistlər müraciət etmiş pasiyentlərə lazım olan həm instrumental, həm də laborator müayinələri proqram üzərindən tələb edirlər. Ardıcıl olaraq, hər bir diaqnostik bölmə daxil olan istəklərə uyğun müayinələri aparıb sistemə daxıl edir. Bununla da pasiyentə məxsus bütün məlumatlar elekton sistem üzərindən idarə olunur. Artiq klinikada bütün həkimlər proqramdan istifadə edir, sistemin üstünlüklərindən yararlanırlar”.