Gələcəyin tələbələrinə universitetlə bağlı ətraflı məlumat verilib
Səttar Bəhlulzadə adına Xarici Dillər Təmayüllü Gimnaziyanın bir qrup şagirdi müəllimlərin müşayiəti ilə Azərbaycan Tibb Universitetində olub, rektor, professor Gəray Gəraybəyli ilə görüşüb. Gələcəkdə ATU-nun tələbəsi olmaq istəyən məktəblilərlə görüşdə ATU Tədris Departamentinin rəhbəri, dosent Kamandar Yaqubov və universitet fakültələrinin dekan və dekan müavinləri iştirak edib.
Rektor gimnaziya şagirdlərinin universitetin həyatı ilə əyani tanış olmaq təşəbbüsünü yüksək qiymətləndirib: “Ölkəmizin, cəmiyyətimizin gələcəyi olan siz şagirdlərlə görüşmək mənim üçün çox xoşdur. 90 ildən çox tarixi olan Tibb Universiteti ölkəmizin ən qabaqcıl universitetlərindən biridir. Müasir və yeniliklər tələb edən bir cəmiyyətdə universitetimiz zamandan geri qalmamağa çalışır. Dövlət rəhbərliyinin, ictimaiyyətin universitetimizə marağı olduqca yüksəkdir. Ən qabaqcıl və intellektual gənclər məhz bizim universiteti seçir. Heç də təsadüfi deyil ki, hər il 600-dən çox bal toplayan xeyli sayda abituriyent bizim universitetdə oxuyur. Tələbələrimiz öz yüksək bilikləri və bacarıqlarını təkcə tədrisdə deyil, digər sahələrdə də nümayiş etdirirlər. Onların idman, incəsənət və digər sahələrdə öz qabiliyyətlərini göstərmələri üçün universitetimizdə geniş imkanlar var, bunun üçün 12 klub fəaliyyət göstərir. “Teatr”, “Bilik”, “İdman”, “Kitab” və digər ixtisaslaşmış klublarda, o cümlədən universitetimizin ictimai həyatında tələbələrimiz fəallıq göstərirlər. Onlar 20 Yanvar, Xocalı faciəsi, Zəfər Günü, milli bayramlarımızla bağlı müxtəlif tədbirlər təşkil edirlər.
Universitetimizdə 60 ildən çox yaşı olan “Çinar” rəqs ansamblı fəaliyyət göstərir. Vaxtilə bu ansambla Əminə Dilbazi rəhbərlik edib”.
Şagirdlərin Tibb Universitetinə marağını və gimnaziya rəhbərliyinin uyğun təşəbbüsünü alqışlayan professor G.Gəraybəyli onların diqqətinə çatdırıb ki, həkimlik fəaliyyəti insandan çox şey tələb edir: “Əvvəllər 6 il oxuyub həkim olurdun. Təhsildə olan dəyişikliklərdən sonra müasir dövrdə bu proses 9-11 il arası vaxt tələb edir. 6 il sadəcə baza təhsilidir. Sonrakı illərdə ixtisas seçimi edilir. Son illər ATU-da yeni ixtisaslar açılıb və başqa ixtisasların açılmasını da planlaşdırırıq”.
Tədris Departamentinin rəhbəri Kamandar Yaqubov yeni açılmış ixtisaslarla bağlı ətraflı məlumat verib, dekan və dekan müavinlərini təqdim edib. Onlar isə rəhbərlik etdikləri fakültələr barədə görüş iştirakçılarını ətraflı məlumatlandırıb.
Daha sonra K.Yaqubov bildirib ki, ATU-da təhsil Azərbaycan, ingilis və rus dillərində aparılır: “Azərbaycan vətəndaşları ingilis dilində də təhsil alırlar. Tələbələrin 80 faizi dövlət sifarişi, 20 faizi isə ödənişli əsaslarla oxuyur. O cümlədən oğlanların diqqətini cəlb edən Hərbi tibb fakültəsinin tələbələri dövlət sifarişi ilə təhsil alır. Universiteti bitirdikdən sonra isə onlar işlə təmin olunurlar”.
Görüşdə bildirilib ki, hər il 600-dən çox bal toplayan 450-dən çox tələbə ATU-nu seçir. Tibb Universiteti Azərbaycanda yeganə universitetdir ki, 3 ixtisas – Müalicə işi, Stomatologiya və Əczaçılıq üzrə beynəlxalq akkreditasiyadan keçib.
Şagirdlərin böyük həvəslə iştirak etdiyi görüşün sonunda onları maraqlandıran çoxsaylı suallar universitetin məsul şəxsləri tərəfindən cavablandırılıb.
Gimnaziyanın müəllimi Şəfəq Salahova şagirdlərlə keçirilən görüşə və ətraflı məlumata görə təmsil etdiyi təhsil müəssisənin rəhbərliyi adından təşəkkürünü bildirib. Görüşdə qərara alınıb ki, şagirdlərin universitet həyatı ilə daha yaxından tanış olmaları üçün ekskursiya təşkil edilsin.