Aprelin 12-14-də Bolqarıstanın Albena şəhərində karatenin Şotokan üslubu üzrə dünya çempionatı keçirilib.
“Təbib” idman klubunun sədri, əməkdar məşqçi Qələndər Aslanovun məlumatına görə, çempionatda yığma komandanın tərkibində Azərbaycan Tibb Universitetinin Hərbi tibb fakültəsinin III kurs, 621A-1a qrup tələbəsi Vüsal Seyidov üç fərqli kateqoriyalarda ölkəmizi təmsil edib.
Belə ki, U21 yaş 60 kq çəkidə mübarizə aparan idmançı tələbəmiz bütün rəqiblərinə qalib gələrək, final görüşündə Türkiyəli rəqibinə 6:5 xalla məğlub olub və fəxri kürsünün ikinci pilləsində yer alıb. Bununla razılaşmayan idmançımız, komanda üslubunda yarışlarda gücünü sınamağa üstünlük verib və iki döyüş ardıcıl qalib olmaqla, komanda hesabında qızıl medal qazanıb. Bu qələbədən sonra çempionumuz yarışın daha çətin kateqoriyasında gücünü sınamaqda qərarlaşıb. Lakin, bu kateqoriya Vüsal üçün elə də asan olmayıb. İlk dəfə 67 kq çəkidə döyüşən idmançı tələbəmiz aldığı zədələrdən yarımfinal döyüşündə mübarizəni dayandırmalı olub və bürünc medal qazanmaqla dünya çempionatının 3-cü medalını əldə edib.
Ümumilikdə dünyanın 32 ölkəsinin idmançıları qatıldığı dünya çempionatında Vüsal Seyidov Qazaxıstan, Moldova, Rumıniya, Macarıstan, Türkiyə, Bolqarıstan və Gambia idmançıları üzərində qələbə qazanmaqla fəxri kürsünün hər üç pilləsinə adını yazdırıb.
Qızıl, gümüş və bürünc medallar qazanan idmançı tələbəmiz Vüsal Seyidovu qazandığı nailiyyətlər münasibətilə təbrik edir, uğurlarının davamlı olmasını arzulayırıq.