Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli karatenin şotokan üslubu üzrə dünya çempionatında həm qızıl, həm gümüş, həm də bürünc medal qazanmış tələbə Vüsal Seyidovla görüşüb.
Dünya çempionatında fəxri kürsünün hər üç pilləsinə qalxmağı bacaran tələbəni təbrik edən rektor professor G.Gəraybəyli universiteti layiqincə təmsil etdiyinə görə ona təşəkkürünü bildirib. O, hər bir ölkənin dünyada tanıdılmasında idmanın xüsusi rol oynadığını diqqətə çatdırıb: "Beynəlxalq səviyyəli idman yarışlarında medal qazanan idmançılarımız Azərbaycanın himnini səsləndirir, bayrağını dalğalandırırlar. Biz təhsili ilə yanaşı, bu cür mühüm missiyanı uğurla yerinə yetirən gənclərimizlə qürur duyuruq".
Rektor professor Gəray Gəraybəyli gələcəyin həkimi Vüsal Seyidovun dünya çempionatında 3 medal qazanmasını onun əzmkarlığının bariz nümunəsi olduğunu vurğulayaraq, ona təşəkkürnamə və mükafar təqdim edib. Qeyd edək ki, ATU-nun Hərbi tibb fakültəsinin 3-cü kurs tələbəsi Vüsal Seyidov Bolqarıstanın Albena şəhərində keçirilən dünya çempionatında fərdi yarışlarda finalda Türkiyəli rəqibinə uduzaraq gümüş medal qazanıb. Sonradan komanda yarışına qatılıb və qızıl medal qazanıb. Növbəti yarışlarda isə öz çəkisindən daha yuxarı çəki kateqoriyası üzrə yarışlara qatılıb və üçüncülüyu əldə edib. V.Seyidov dünyanın 32 ölkəsinin idmançılarının iştirak etdiyi çempionatda Moldova, Rumıniya, Qazaxıstan, Türkiyə, Macarıstan Qambiya və Bolqarıstandan olan rəqiblərinə qalib gələrək qızıl, gümüş və bürünc medal qazanıb. Görüşdə ATU-nun Təbib idman klubunun rəhbəri Qələndər Aslanov da iştirak edirdi.