Azərbaycan Tibb Universitetində start verilmiş “Tədqiqatın dizaynı” adlı silsilə seminarlar davam edir. Növbəti seminar aprelin 25-də baş tutub. Əczaçılıq kimyası kafedrasının dosenti Fuad Məmmədov “Tələbələr tərəfindən sərbəst işlərin (layihələrin) tərtibi metodologiyası” mövzunda təlim keçib.
Dosent sərbəst işlərdə planın necə tərtib edilməsi, hazırlanması, girişin verilməsi, nəzəri hissə, tədqiqat işlərində tətbiq edilən metodlar, nəticə, istifadə ediləcək ədəbiyyatların necə seçilməsi, lazımi əlavələrin necə verilməsi ilə bağlı tələbələri ətraflı məlumatlandırıb. Tövsiyə edib ki, tələbələr sərbəst iş götürən zaman mövzunun aktuallığına fikir versin, mövzunun nə dərəcədə aktual olmasını əsaslandıra bilsinlər: “Hazırkı dövrdə dil problemi yoxdur, internetin inkişaf etdiyi bir dövrdə müxtəlif dillərdə ədəbiyyatlar əldə etmək, tərcümə proqramları vasitəsilə istənilən xarici materialı ana dilimizə tərcümə etmək olur. İndiki dövrdə 2-3 aya kifayət qədər material əldə etmək, ondan lazımi səviyyədə yararlanmaq mümkündür”.
Sərbəst işlərin, elmi araşdırmaların effektiv şəkildə aparılmasının əhəmiyyətindən bəhs edən F.Məmmədov tələbələri maraqlandıran sualları da ətraflı cavablandırıb.