Özbəkistanın Səmərqənd Dövlət Tibb Universitetinin nümayəndə heyəti Azərbaycan Tibb Universitetinin fəaliyyəti ilə tanış olmaq və öz sahələri üzrə akademik mübadilə aparmaq üçün bu günlərdə ATU-da olub.
Qonaq müəllimlər ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyevin müşayiəti ilə universitetin Stomatoloji Klinikasında, İnsan anatomiyası və tibbi terminologiya, Patoloji fiziologiya, Patoloji anatomiya və Ağız və üz-çənə cərrahiyyəsi kafedralarında tanışlıq xarakterli görüşlər keçirib, qarşılıqlı fikir mübadiləsi aparıblar. Eyni zamanda Anatomiya Muzeyində saxlanılan unikal eksponatlarla tanış olublar.
Daha sonra nümayəndə heyətini qəbul edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli qonaqlara ölkəmizdə tibb üzrə ali təhsilin strukturu, universitetin tarixi və fəaliyyəti haqqında ətraflı məlumat verib. Bildirib ki, ATU-da hazırda 4 müasir klinika, 6 tədris binası və inzibati bina, yüksək təchizatlı tələbə yataqxanaları, internet mərkəzi, 1 milyona yaxın kitab fondu olan kitabxana fəaliyyət göstərir. Azərbaycan Tibb Universitetinin xarici tələbə sayına görə öndə olduğunu söyləyən rektor, gələcəkdə Səmərqənd Dövlət Tibb Universiteti ilə daha sıx əlaqələr qurulacağına əminliyini vurğulayıb.
Nümayəndə heyətinin rəhbəri, Patoloji fiziologiya kafedrasının müdiri, professor Gülnoza Samiyeva səmimi qəbul üçün rektor G.Gəraybəyli başda olmaqla Azərbaycan Tibb Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib, ATU ilə tanışlıqdan məmnun qaldıqlarını ifadə edib. Qonaq təmsil etdiyi ali təhsil müəssisəsi haqqında məlumat verərək ATU ilə qarşılıqlı əlaqələrin inkişafinda maraqlı olduqlarını deyib.
Görüşdə Diplomdansonrakı və əlavə təhsil fakültəsinin Stomatologiya kafedrasının müdiri, professor Nodira Nazarova, Uşaq stomatologiyası kafedrasının dosenti Malika Axrorova və Dental implantologiya kafedrasının müdiri, Magistratura fakültəsinin dekanı, dosent Əlişir Xazratov, o cümlədən ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, Tədris Departamentinin müdiri, dosent Kamandar Yaqubov və Mətbuat xidmətinin rəhbəri Günel Aslanova iştirak ediblər.