Aprelin 29-da ATU-nun Tədris Cərrahiyyə Klinikasında II Müalicə-profilaktika fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) elmi konfransı keçirilib.
Dövlət Himnimiz səsləndirildikdən sonra konfransı giriş sözü ilə açan universitetin Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev ATU-da tələbə elmi cəmiyyətlərinin işinə xüsusi önəm verildiyini vurğulayıb. İstedadlı tələbələrin elmi işə cəlb olunmasının çox vacib məsələlərdən biri olduğunu söyləyən prorektor qeyd edib ki, tədrisin aparılması və elmi yeniliklərin praktiki təcrübəyə tətbiqi bilavasitə elmi fəaliyyətlə bağlıdır: “Hər zaman dediyim kimi, Tibb Universitetinin tələbələri çox istedadlı Azərbaycan gəncləridir. Məlumat üçün bildirim ki, hər il universitetimizə 600-dən çox bal toplayaraq qəbul olunan tələbələrin sayı ümumilikdə 450 civarındadır. Bu isə universitet tələbələrinin yarısının ən yüksək nəticə göstərməsi, yəni əlaçı olması deməkdir. Tələbənin gələcəkdə həkim kimi formalaşmasında elmi fəaliyyətin böyük əhəmiyyəti var. Müalicə işi fakültələrinə qəbul olunan tələbələrin böyük əksəriyyətinin 600-dən çox bal topladığını diqqətinizə çatdıraraq deyə bilərəm ki, ən istedadlı, ən hazırlıqlı tələbələr bizim universiteti seçiblər. Ona görə də universitetimizdə TEC-in uğurlu fəaliyyəti gözləniləndir”.
S. Əliyev elmi tədqiqata həvəs göstərən tələbələrlə işin düzgün qurulmasında TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov və fakültənin dekanı, dosent İsrail Məhərrəmbəylinin rolunu da yüksək qiymətləndirib. O, tibbi nailiyyətlərin həmişə elmi işlərin nəticələri ilə bağlı olduğunu, istedadli tələbələrin beynəlxalq konfranslarda da uğurla çıxış edəcəklərinə əminliyini söyləyərək, konfransın işinə uğurlar arzulayıb.
Universitetin Elmi işlər üzrə prorektoru, professor Rauf Bəylərov bu gün elmi işlərini sınağa çıxaran tələbələrin öz zəhmətlərinin bəhrəsini mütləq görəcəklərinə inandığını deyib. Son dövrlərdə rektor, professor Gəray Gəraybəyli başda olmaqla universitet rəhbərliyinin tələbələrin elmi fəaliyyətlə məşğul olması üçün hər cür şərait yaratdığını diqqətə çatdıran prorektor bildirib ki, artıq əcnəbi tələbələr arasında elmə tədqiqata marağın artması da müsbət haldır. Belə ki, əvvəllər TEC-in konfranslarında 1-2 əcnəbi tələbə çıxış edirdisə, indi onların sayı 20-dən çoxdur.
Elmin bir istiqamətinin də yeni ideya, yeni fikir olduğunu xatırladan, hər bir cəmiyyətin, ölkənin tərəqqisində startap layihələrinin rolundan danışan professor R. Bəylərov, öz ideyalarını gerçəkləşdirmək istəyən tələbələri universitetin elmi hissəsinə, tələbə elmi cəmiyyətinə müraciət etməyə çağırıb.
ATU TEC-in elmi rəhbəri, tibb elmləri doktoru Müşfiq Həsənov da konfransda çıxış edərək, prorektorların onların işinə yüksək qiymət verməsinin məmnunluq hissi ilə yanaşı, həm də böyük məsuliyyət hissi yaratdığını söyləyib. Qeyd edib ki, bizim əsas fəaliyyət istiqamətimiz istedadlı, bacarıqlı tələbələri TEC-ə cəlb edərək onların potensialını üzə çıxarmaqdır. M. Həsənov son bir ildə TEC-in əldə etdiyi nəticələrə də diqqət çəkərək Səmərqənddə keçirilən, 800 nəfərin qatıldığı beynəlxalq olimpiadada universitetimizi 4 tələbənin təmsil etdiyini və hər birinin olimpiadanın qalibi olduğunu xatırladıb.
Tədqiqatçı tələbələrimizin beynəlxalq konfranslara dəvət almasını, xüsusi mükafata layiq görülməsini onların uğuru kimi dəyərləndirən M. Həsənov bu günkü konfransda alınan nəticələrin təkcə tələbələr üçün deyil, müəllimlərimiz üçün də faydalı olacağını vurğulayıb.
Açılış tədbirində çıxış edən fakültənin dekanı, konfransın sədri, dosent İsrail Məhərrəmbəyli TEC-in fəaliyyətinin ildən-ilə daha da canlandığını, tədqiqat sahələrinin genişləndiyini söyləyib. Xatırladıb ki, əgər 2016-2017-ci illərdə 60-70 çap olunmuş işimiz vardısa, bu il 90-a yaxın tələbəmiz çıxışa yazılıb və ümumilikdə 180-ə yaxın işimiz qəbul olunub. Bütün bunlar tələbələrin elmə marağının göstəricisidir. Fakültənin dekanı təşkilati işlərə xüsusi dəstək verdiyinə görə universitet rəhbərliyinə təşəkkürünü bildirib və aktual mövzulara dair hazırlanan çıxışların maraqla qarşılanacağına əminliyini ifadə edib.
II MPF-nin Tələbə Elmi Cəmiyyətinin elmi rəhbəri, dosent Aqil Əliyev konfransın tərkibi, gedişi barədə məlumat verib. Eyni zamanda elmi işləri artıq qəbul olunan, konfransın materiallarında dərc olunan tələbələri hansı yeri tutmalarından asılı olmayaraq qalib hesab etdiyini deyib və onlara uğurlar diləyib.
ATU Tələbə Elmi Cəmiyyətinin sədri Həmid Səfərli və Fakültə Tələbə Elmi Cəmiyyətinin sədri Fidan Seyfullayeva konfransın reqlamenti, proqramı və münsiflər heyətinin tərkibi haqqında tədbir iştirakçılarına məlumat veriblər. Həmçinin münsiflər heyətinin qiymətləndirməsi əsasında qaliblərə diplom və sertifikatların təqdim olunacağını bildiriblər.
Açılış mərasimindən sonra konfrans öz işini 5 panel üzrə davam etdirib. Birinci və ikinci panellərdə təməl, üçüncü paneldə terapevtik, dördüncü paneldə cərrahi fənlərə dair elmi məruzələr dinlənilib. Beşinci paneldə isə əcnəbi tələbələr elmi işlərini təqdim ediblər.