Fakültə ölkədə tibb elminin inkişafı və həkim kadrların hazırlanmasında əsas mərkəzlərdən biridir
Mayın 1-də Azərbaycan Tibb Universitetinin I Müalicə-profilaktika fakültəsinin yaranmasının 50 illiyi münasibətilə elmi konfrans keçirilib. Yubiley tədbirində Milli Məclisin üzvləri Məlahət İbrahimqızı, ATU-nun İctimai Nəzarət şurasının sədri İlham Məmmədov, Musa Quliyev, Rəşad Mahmudov, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə, Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov və digər qonaqlar iştirak edirdi.
Tədbirdə ilk öncə Dövlət Himnimiz səsləndirilib və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bu əlamətdar hadisə münasibətilə universitetimizin çoxminli kollektivini, o cümlədən I Müalicə-profilaktika fakültəsinin əməkdaşlarını təbrik edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli fakültənin dünəni, bu günü və keçdiyi inkişaf yolu haqqında ətraflı məlumat verib: “1974-cü il mayın 5-də ATU-nun o zamankı rektoru, professor Zəhra Quliyevanın əmri ilə Müalicə-profilaktika fakültəsinin əsasında iki eyni hüquqlu birinci və ikinci müalicə fakültələri yaradılıb”.
Rektor fakültənin əldə etdiyi nailiyyətlərə də diqqət çəkib: “Bildiyiniz kimi, 2022-ci ildə universitetimiz ölkədə fəaliyyət göstərən ali təhsil müəssisələri arasında ilk və yeganə universitet olaraq, üç ixtisas üzrə beynəlxalq akkreditasiyadan uğurla keçib. Bu ixtisaslardan biri də “Müalicə işi” ixtisasıdır. Bu gün fakültədə yüksək ixtisaslı mütəxəssislər yetişdirmək üçün tədris, metodik, tədqiqat, innovativ və təlim-tərbiyə işləri rəhbərliklə birgə aparılır. Məzunlar 6 illik baza əsasında tibb təhsilini bitirdikdən sonra “Həkim” ali peşə dərəcəsinə yiyələnirlər. Bundan sonra isə dar sahədə ixtisasa yiyələnmək istəyənlər müvafiq ixtisasa uyğun olaraq 2-5 illik rezidentura səviyyəsi üzrə təhsil alma hüququna malik olurlar”.
G.Gəraybəylinin sözlərinə görə, hazırda ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində kompleks tədbirlər görülür: “Yüksək ixtisaslı kadr hazırlığı və dünya tibb elminə inteqrasiya məqsədilə xarici universitetlərlə əlaqələrimiz genişləndirilir, təcrübə mübadiləsi, tələbə-müəllim mobilliyi, beynəlxalq layihələrdə iştirak etmək kimi amillərə diqqət artırılır. Universitetdə müasir texniki imkanlara malik tədris prosesinin qurulması, tibb təhsilinin beynəlxalq standartlara uyğunlaşdırılması, nüfuzlu beynəlxalq reytinqlərdə yer tutmaq kollektivin qarşısına qoyulan mühüm vəzifələrdir.
Qeyd etmək istəyirəm ki, bu gün təkcə I Müalicə-profilaktika fakültəsinin deyil, bütün universitet kollektivinin bayramıdır. Bu münasibətlə doğma kollektivi ürəkdən təbrik edir, hər kəsə işlərində müvəffəqiyyətlər diləyirəm”.
Konfrans iştirakçılarına səhiyyə naziri Teymur Musayevin salamlarını çatdıran nazir müavini Nadir Zeynalov vurğulayıb ki, onun özü də bu fakültənin məzunudur: “I Müalicə-profilaktika fakültəsi ölkədə tibb elminin inkişafında və səhiyyə sistemi üzrə elmi-pedaqoji kadrların hazırlanmasında əsas aparıcı mərkəzdir. Fakültənin əməkdaşları tərəfindən müvafiq sahələr üzrə çoxsaylı elmi tədqiqatlar aparılır. Bu gün fakültə minlərlə yüksək ixtisaslı həkim kadrları yetişdirir və ölkənin səhiyyə ocaqlarını, dövlət xəstəxanalarını peşəkar ali təhsilli həkimlərlə təmin edir”.
Tədbirdə çıxış edən ATU-nun Tədris və müalicə işləri üzrə prorektoru, professor Sabir Əliyev, Rusiya Elmlər Akademiyasının akademiki, ə.e.x., professor Vaqif Şadlinski və ATU-nun Sitologiya, embriologiya və histologiya kafedrasının müdiri, professor Eldar Qasımov vaxtilə bu fakültəyə rəhbərlik etdikləri dövrdən danışaraq, yubileylə bağlı fikirlərini bölüşüblər. Natiqlər vurğulayıb ki, dekanlıq universitet həyatında ən aparıcı sahə olduğundan, bu işin öhdəsindən yalnız xüsusi bacarığı və səriştəsi olanlar gələ bilir. Bu vəzifəni daşımaq nə qədər çətin və şərəflidirsə, bir o qədər də məsuliyyətlidir. Çıxışlarda qeyd olunub ki, ölkəmizdə səhiyyənin inkişafı xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır. Hazırda ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan dövlət siyasətinin tərkib hissəsi kimi elm və təhsil sahəsində də əldə olunan uğurlar göz qabağındadır.
Sonra Azərbaycan Tibb Universitetinin yarandığı vaxtdan indiyədək keçdiyi uzun və şərəfli yoldan bəhs edən “Dünənindən bu gününə” adlı sənədli film nümayiş olunub, universitet tələbələrinin ifasında bəstəkar və xalq mahnıları səsləndirilib.
Tədbirin davamında fakültədə tədris prosesinin uğurla həyata keçirilməsi və tələbələrlə işin qurulması istiqamətində fərqlənən müəllimlərə sertifikatlar təqdim olunub. Eləcə də universitetin rektoru, professor Gəray Gəraybəyliyə fakültənin fəxri məzunu mükafatı təqdim edilib, I Müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov isə səmərəli fəaliyyətinə görə təltif olunub.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, bir qrup elm və təhsil işçisi “Heydər Əliyevin 100 illiyi (1923–2023)” Azərbaycan Respublikasının yubiley medalı ilə təltif olunub. Təltif edilənlər arasında Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli də var. Aprelin 30-da elm və təhsil naziri Emin Əmrullayev tərəfindən yubiley medalı öz sahiblərinə təqdim edilib.
Sonda yubiley mərasiminə qatılan bütün iştirakçılara təşəkkürünü bildirən dekan Elşad Novruzov elmi konfransın ikinci hissəsində müasir təbabətin müxtəlif sahələri - kardiologiya, nevrologiya, dermatologiya, pediatriya, transplantologiya, ümumi cərrahiyyə, urologiya və onkoginekologiyaya aid mövzularda məruzələr ediləcəyini və tanınmış həkim-ekspertlər tərəfindən müzakirələr aparılacağını diqqətə çatdırıb.