Azərbaycanda ali təhsilin inkişafına töhfə verən beynəlxalq mübadilə proqramları və tədqiqat imkanları haqda detallı müzakirələr aparılıb
Mayın 21-də Azərbaycan Tibb Universitetində “Beynəlxalq mübadilə və tədqiqat imkanları” mövzusunda məlumat günü keçirilib.
Konfransı giriş sözü ilə açan Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Orxan İsayev qonaqları universitet rəhbərliyinin adından salamlayaraq, beynəlxalq mübadilə proqramlarının və tədqiqat qrantlarının institusional akkreditasiya, proqram akkreditasiyası və beynəlxalq reytinqlərdə rolu haqqında geniş bəhs edib. Azərbaycan Tibb Universiteti tələbə və müəllimlərinin də Erasmus+ proqramının verdiyi üstünlüklərdən bəhrələndiyini vurğulayan prorektor, ATU-nun bu layihədə daim fəal iştirak edən universitetlərdən biri olduğunu deyib. Bundan başqa Horizon Europe, Cost, Jean Monnet, Marie Skłodowska-Curie proqramlarının da əhəmiyyətindən bəhs edən prorektor bu proqramların alimlər qarşısında geniş imkanlar açdığını vurğulayıb. Çıxışında universitet əməkdaşlarını fəal olmağa və proqramların üstünlüklərindən yararlanmağa çağıran O.İsayev ATU-nun struktur vahidləri üzrə beynəlxalq əlaqələr üzrə koordinatorlara aktiv fəaliyyət istiqamətləri üzrə qarşıya qoyulan tələbləri çatdıraraq, onlara gələcək fəaliyyətində uğurlar arzulayıb.
Erasmus+ Azərbaycan ofisinin rəhbəri Pərviz Bağırov Azərbaycanda ali təhsilin hərtərəfli inkişafı məqsədilə həyata keçirilən beynəlxalq layihələrin əhəmiyyətindən danışıb. O, Erasmus+ layihələrinin qaydaları, proqramın əsas istiqamətləri, yerli və xarici universitetlərin layihədə iştirakı, yeni layihələr və perspektivlər barədə ətraflı məlumat verib. Eləcə də Avropa İttifaqının ali təhsil müəssisələri ilə beynəlxalq əməkdaşlığının genişləndirilməsində Erasmus+ proqramının və Aİ-nin dəstəklədiyi digər təhsil proqramlarının imkanlarından səmərəli istifadə edilməsinin zəruriliyini qeyd edib.
O, Avropa Komissiyasının layihələrin idarə edilməsi siyasətindəki bir sıra yeni dəyişiklikləri vurğulayaraq, həyata keçiriləcək layihələrin bu dəyişikliklərə uyğun olmasının vacibliyini diqqətə çatdırıb və yeni Erasmus+ proqramı, onun genişspektrli elmi istiqamətləri və maliyyə mexanizmləri haqqında ətraflı məlumat verib. Əlavə edib ki, bu proqramın üstünlüyü onun bütün dünyaya açıq olmasıdır.
“Horizon Avropa” proqramının tibb üzrə milli əlaqələndiricisi, ATU-nun II Uşaq xəstəlikləri kafedrasının assistenti, t.ü.f.d. Püstə Orucova çıxış edərək “Horizon Avropa” proqramı haqqında ümumi məlumatı tədbir iştirakçılarına çatdırmışdır və əsas istiqamətlərdən biri olan səhiyyə klasteri üzrə geniş fəaliyyət istiqamətləri, xüsusilə prioritet sahələri əhatə edən iş proqramında və Horizon portalında müvafiq çağırışların araşdırılması, tərəfdaşlara müraciət qaydalarını nəzərə çatdırıb. Məruzəçi proqramın məqsədlərini, gözlənilən nəticələri, maliyyə imkanlarını, həmçinin bu çağırışlarda iştirak üçün qeydiyyatdan keçmiş təşkilatlar haqqında məlumatları tədbir iştirakçıları ilə bölüşüb, layihələrə qoşulmağın əhəmiyyətini qeyd edib.
COST fəaliyyəti üzrə milli əlaqələndirici şəxs, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin direktoru İlham Hümbətov “COST proqramı. İştirak imkanları” mövzusunda etdiyi məruzədə Avropa Komissiyasının (AK) proqramlarından olan COST fəaliyyəti, portal üzərindən qeydiyyat, layihələrin müəyyənləşdirilməsi və onlara qoşulmaq qaydaları, tərəfdaşlarla əlaqələrin yaradılması barədə geniş məlumat verib. Məruzəçi Azərbaycan mütəxəssislərinin bu proqram üzrə nailiyyət statistikasını iştirakçıların diqqətinə çatdırıb. O, COST fəaliyyətinə qoşulmaq üçün layihələrin müəyyənləşdirilməsi və müraciətlərin hazırlanması qaydalarını da izah edib. Məlumat verib ki, 1971-ci ildə yaranan COST elmi tədqiqatlar və texnologiya sahəsində koordinasiyanı təmin edən dövlətlərarası proqramdır. 2013-cü ildə isə hüquqi statusunu dəyişərək dövlətlərarası qeyri-kommersiya assosiasiyası olub. COST 2013-cü ildən bəri Azərbaycan da daxil olmaqla dünyanın 41 ölkəsi ilə əməkdaşlıq edir. İndiyədək 50-ə yaxın azərbaycanlı alim və mütəxəssis COST layihəsinin iştirakçısı olub. Bu siyahıda Azərbaycan Tibb Universitetinin professor-müəllim heyətinin olmasının müsbət hal olması vurğulanıb.
Tədbirdə çıxış edən Alman Akademik Mübadilə Xidmətinin (DAAD) proqramının ATU üzrə yerli əlaqələndiricisi, ATU-nun Patoloji fiziologiya kafedrasının dosenti Sevinc Pənahova Almaniyada təhsil, DAAD proqramının fəaliyyəti və təqaüd proqramları, müraciət şərtləri, tələb olunan sənədlər toplusu və seçim meyarları haqqında ətraflı məlumat verib.
Çıxışlardan sonra məruzəçilər iştirakçıların suallarını cavablandırıb, müzakirələr aparılıb.