Özbəkistan Respublikasının Əbu Əli İbn-Sina adına Buxara Dövlət Tibb Universitetinin Epidemiologiya kafedrasının müdiri, tibb elmləri doktoru, professor Mehriniso Mirzoyevanın ATU-nun Yoluxucu xəstəliklər kafedrasında I Müalicə- profilaktika fakültəsinin tələbələri ilə görüşü keçirilib.
Tədbir zamanı professor “Xüsusi təhlükəli infeksiyaların epidemiologiyası, klinikası və müalicə prinsipləri” mövzusunda çıxış edərək, bu sahədə dünyada baş verən yenilikləri və ən son məlumatları diqqətə çatdırıb. Mehriniso xanımın çıxışı kafedra əməkdaşları və tələbələr tərəfindən maraqla dinlənilib. Onun aktual və maraqlı mövzuya toxunduğu qeyd edilib, mövzu professor-müəllim heyətinin geniş müzakirəsinə səbəb olub.
Daha sonra gələcəkdə Buxara Dövlət Tibb Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında imzalanması gözlənilən əməkdaşlıq memorandumu çərçivəsində adıçəkilən kafedraların birgə elmi-tədqiqat işləri aparması, eləcə də elmi məqalələrin yazılması və tədris vəsaitlərinin hazırlanması istiqamətində fikir mübadiləsi aparılıb.