ATU-nun Uşaq və yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrası və Rezidentura və magistratura şöbəsinin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”, eyni zamanda Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Ekologiya və uşaqlar” mövzusunda seminar keçirilib.
Seminarın moderatoru, Rezidentura və magistratura şöbəsinin müdir müavini, assistent Namiq Xəlilov belə tədbirlərin əhəmiyyətindən danışaraq universitetin rektoru, professor Gəray Gəraybəylinin rezidentlərə daim xüsusi diqqət ayırdığını, onların elmi fəaliyyətini dəstəklədiyini, bu istiqamətdə mühüm işlər həyata keçirildiyini vurğulayıb.
Uşaq-yeniyetmələrin sağlamlığı və əmək sağlamlığı kafedrasının müdiri, dosent Şəhla Balayeva çıxışında müasir dünyada ekoloji problemlərin aktuallığından, ətraf mühitə antropogen təsirlərin artan miqyasından söhbət açaraq, bəşəriyyət qarşısında duran bir sıra ciddi problemlərin həllinin qaçılmaz olduğunu, uşaq sağlamlığı və rifahının təmin edilməsində ekoloji yanaşmanın vacibliyini diqqətə çatdırıb. Qeyd edib ki, Prezident İlham Əliyevin 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etməsi məhz dünyadakı ekoloji problemlərin həllinə Azərbaycanın töhfəsi hesab edilə bilər.
Epidemiologiya və biostatistika kafedrasının müdiri, ə.e.x., professor İbadulla Ağayev, Qidalanma və tibbi ekologiya kafedrasının müdiri, dosent Fəridə Əli, İctimai sağlamlıq və səhiyyənin təşkili kafedrasının müdiri, dosent Yaqut Hacıyeva rezidentlərin aktual mövzularda elmi tezislərini müsbət qiymətləndiriblər və öz tövsiyələrini veriblər.
Bundan sonra gigiyena ixtisası üzrə rezident Fidan Əhmədli “Ekologiya və uşaqlar” adlı təqdimatla çıxış edərək, uşaqların sağlamlığına təsir edən ekoloji problemlər, uşaqların xəstələnməsi və ölümündə ətraf mühit amillərinin təsir səviyyəsi, uşaqların ekoloji problemlərə qarşı böyüklərdən fərqliliyi və unikallığı haqqında məlumat verib. Həmçinin uşaq sağlamlığının qorunmasında səhiyyə və digər dövlət qurumlarının birgə əməkdaşlığının xüsusi önəm daşıdığını söyləyib. Rezident Ülviyyə Əhmədova isə eyni ixtisas üzrə “Ekologiya və uşaqlarda miopiya” mövzusunda çıxış edib. O, uşaqlarda miopiyanın inkişafında ekologiyanın rolu, uşaqlar arasında miopiyanın yayılma səviyyəsi və profilaktikası barədə fikirlərini bölüşüb.
Təqdim edilən məruzələr maraqla dinlənilib və çıxışlar ətrafında geniş müzakirələr aparılıb.