ATU-nun Rezidentura və magistratura şöbəsi Tədris Cərrahiyyə Klinikasının Mərkəzi laboratoriyası ilə birgə rezidentlər üçün növbəti seminar keçirib. Laboratoriyanın II kurs həkim-rezidenti Samirə Abbaszadə “Qaraciyərin biokimyası. ALT, AST, ALP, GGT” mövzusunda çıxış edib.
Məruzəçi Laboratoriyada işlənilən qaraciyərin biokimyəvi analizlərinin vacib və həyati önəm daşıyan analizlərdən olduğunu söyləyib: “Qaraciyərin vəziyyətini və öz funksiyalarını necə yerinə yetirdiyini təyin etmək üçün bir çox göstəricilər yoxlanılır. Bunlardan ən çox önəm daşıyanı qaraciyərin biokimyəvi göstəriciləridir. Qaraciyərin funksional testlərinin aparılmasının məqsədi qaraciyər xəstəliklərinin aşkar olunması, differensial diaqnoz, xəstəliklərin təsnifatı və müalicəyə reaksiyanın təqibidir. Analizlərin nəticəsinin düzgün olması üçün xəstəyə əvvəlcədən qida, alkoqol, dərman qəbulu, siqaret istifadəsi haqqında məlumat verilməlidir. Çünki bütün bunlarla analiz üçün nümunə götürülməsi arasındakı müddətin biokimyəvi analizlərə təsiri böyükdür”.
O, vurğulayıb ki, həkim qaraciyərin vəziyyətini və öz funksiyalarını necə yerinə yetirdiyini müəyyən etmək üçün biyokimyəvi qan testinin köməyi ilə daha çox məlumat əldə edə bilər: “Alanin aminotransferaza (ALT); aspartat aminotransferaza (AST); onun fraksiyalarının tərkibi - qələvi fosfataza (ALP) ümumi bilirubin - qamma-glutamiltransferaza (GGT); xolestrin səviyyələrinin müəyyən edilməsi müxtəlif xəstəliklərin diaqnozunu asanlaşdıraraq, mövcud problemləri göstərə bilər. Bu o deməkdir ki, böyüklərdə qaraciyər müayinəsi üçün biokimyəvi qan testi əvəzolunmazdır. Terapiya zamanı və ya ondan sonrakı təkrar tədqiqatların aparılması, həmçinin əldə edilən nəticələrin müqayisəsi xəstəliyin dinamikasını və terapiyanın adekvatlığını qiymətləndirməyə kömək edə bilər”.
Məruzə ətrafında fikir bildirən laboratoriyanın şöbə müdiri Elxan Nağıyev təsdiqləyib ki, biokimyəvi qan testi qaraciyər patologiyasının diaqnozunda təsirli üsullardan biridir. Həkimlər qanda müxtəlif maddələrin səviyyəsini qiymətləndirərək, bədəndə baş verən proseslər haqqında lazımi məlumatları alırlar. Təyin edilmiş testlər xəstə ilə söhbət və müayinə zamanı əldə edilən məlumatları tamamlayır. Mütəxəssis məlumatları müqayisə edərək, dəqiq diaqnoz qoya və lazımi müalicəni təyin edə bilər.
Tədbirin moderatoru, Rezidentura və magistratura şöbəsinin müdır müavini, assistent Namiq Xəlilov yekun nitqində bilirubinin ödün vacib komponentlərindən biri olduğunu deyib. Bildirib ki, onun səviyyəsinə qırmızı qan hüceyrələrinin parçalanma sürəti, qaraciyərin hemoqlobinin parçalanma məhsullarından istifadəsinin intensivliyi və safranın sərbəst çıxma ehtimalı təsir göstərir: “Müxtəlif səbəblərdən bu proseslər pozulursa, qanda bilirubinin səviyyəsi yüksəlir. Bu, gözlərin və dərinin saralmasına səbəb olur. Çox vaxt bilirubin səviyyəsinin artması qaraciyər problemlərinin əksidir. Bilirubin üçün qan testi apararkən, ümumi bilirubini və onun fraksiyalarını - birbaşa və dolayı bilirubini təyin etmək bir normadır”.
Çıxışlardan sonra mövzu ətrafında diskussiya aparılıb, verilən suallar məruzəçi tərəfindən cavablandırılıb. Seminarda TCK-nın Mərkəzi Laboratoriyasının əməkdaşları, rezidentlər və tələbələr iştirak ediblər.