Azərbaycan Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli Obyektiv Strukturlaşdırılmış Klinik İmtahanların (OSKİ) gedişini izləyib.
Rektor ilk olaraq Stomatoloji Klinikada imtahan prosesi ilə tanış olub, tələbələrlə fikir mübadiləsi aparıb. Daha sonra İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialının Tədris Simulyasiya Mərkəzini ziyarət edən professor Gəray Gəraybəyli mərkəzdə müəyyən fənlər üzrə tədrisə cəlb olunmuşAzərbaycan Tibb Universitetinin tələbələri ilə görüşüb və onlarla söhbət edib. Klinik bacarıq imtahanlarının daim diqqət mərkəzində saxlanıldığını vurğulayan rektor, Azərbaycanda tibb təhsilində bu sınaq üsulunun ilk dəfə ATU-da tətbiq olunduğunu xatırladıb. Bildirib ki, tələbələr müvafiq fəndən bacarıq imtahanını verdikdən sonra test üsulu ilə nəzəri imtahanlara keçid alırlar.
OSKİ imtahanları beynəlxalq standartlara cavab verən bir sınaq üsuludur və dünyanın əksər ölkələrinin tibb ixtisaslı, eləcə də digər ali məktəblərində tətbiq olunur. Universitetimizin müəllim və tələbələri də hər il təkmilləşən bu imtahan növünü dəstəkləyirlər.