Milli Məclisin Ailə, Qadın və Uşaq Problemləri və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda keçirdiyi ictimai dinləmədə tibb üzrə mütəxəssislər də iştirak edib.
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə, Tibbi reabilitasiya və fizioterapiya kafedrasının professoru Sədaqət Hüseynova, Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin Ana və uşaqların sağlamlığının qorunması sektorunun müdiri Aynurə Zeynalova iştirakçılar arasında olub.
T.Tağı-zadə çıxışında bildirib ki, erkən nikah və qohum evlilikləri bu gün də cəmiyyətimizin aktual problemi olaraq müzakirə edilməkdədir. Xüsusilə də qız uşaqlarının erkən nikaha daxil olmağa məcbur edilməsi, nəticə etibarilə onların cinsi istismara, fiziki və psixoloji zorakılığa məruz qalmasına və təhsildən uzaqlaşmasına səbəb olur. Eyni zamanda, tez-tez baş tutan qohum evlilikləri uşaqların genetik xəstəliklərlə doğulması riskini yüksəldir.
O qeyd edib ki, beynəlxalq səviyyədə qəbul edilmiş bir çox sənədlərdə dövlətlərin qarşısına nikaha hər iki tərəfin sərbəst və həqiqi razılığı ilə daxil olmasının təmin edilməsi üçün tədbirlərin həyata keçirilməsi tələbi qoyulur: “BMT-nin Uşaq Hüquqlarının Qorunması Komitəsinin mövqeyinə əsasən, “Uşaq hüquqları haqqında Konvensiya” uşaqların nişanlanması və nikahına da tətbiq edilir və konvensiyanın 24-cü maddəsinin 3-cü bəndinə görə, üzv dövlətlərin üzərinə uşaqların sağlamlığına xələl gətirə biləcək ənənələrin və adətlərin ləğv edilməsinə dair bütün tədbirləri həyata keçirmək öhdəliyi düşür. Bundan əlavə, Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Məqsədləri sırasında 2030-cu ilə qədər hər kəsin cinsi və reproduktiv sağlamlıq hüquqlarının təmin edilməsi, o cümlədən bütün qarşısı alına bilən ölüm hallarına son qoymaqla yeni doğulmuş uşaq və ana ölümlərinin azaldılması, ailə planlaması, bu sahədə məlumatlandırma və təhsil üçün əlçatanlığın təmin edilməsi kimi hədəflər müəyyən edilib”.
Alim erkən yaşda hamiləlik və uşaq dünyaya gətirmənin qadınların sağlamlığı, o cümlədən reproduktiv sağlamlığı üçün yaratdığı acı nəticələrə də diqqət çəkib: “Erkən hamiləlik travma və vaxtından əvvəl doğuş riski kimi sağlamlıq problemlərinə səbəb olur. Belə ki, ananın arzuolunmaz hamiləlik keçirməsi bir çox xəstəliklərə yol açır. Bu uşaqlar erkən yaşda hamiləlik dövründə qalıcı fiziki və psixoloji problemlərlə üzləşirlər. Belə vəziyyətdə ana və uşaq ölümləri riskinin artdığı müşahidə edilməkdədir. Hələ fiziki və mənəvi yetkinliyə çatmamış qızların öz uşaqlıq dövrünü yaşamadan analığı qəbul etməsi acınacaqlı haldır. Çünki qızlar cinsi sağlamlıq haqqında kifayət qədər biliklərə malik deyillər və buna görə də hamiləlikdən qorunmaq yollarını bilmirlər. Odur ki, erkən yaşda evli qızların HİV infeksiyasına yoluxma ehtimalı daha yüksəkdir və bu uşaqlar doğum sonrası depressiyaya məruz qalırlar.
Valideynlər bilməlidir ki, “erkən nikah” ifadəsi təkcə qızların həyat yoldaşı ilə həyatlarını davam etdirmələri mənasına gəlmir. Bu, həm də onların ümidli gələcəyinin qarşısında qoyulan maneə kimi qəbul edilməlidir”.
T.Tağı-zadə qan qohumluğuna əsaslanan nikahlar nəticəsində doğulan uşaqların sağlamlıq problemlərinə də toxunub, onlar arasında xeyli sayda anadangəlmə qüsurların baş verdiyini deyib: “Ən çox rast gəlinən xəstəliklərdən biri əqli geriliyə yol açan fenilketonuriyadır. Bu sıradan olan xəstəliklərə inkişaf pozğunluğu, zehni gerilik, kistik fibroz, o cümlədən göz, qulaq, əzələ-sinir, ürək-damar və şəkər xəstəlikləri, qan xəstəlikləri arasında isə talassemiya, hemofiliya və digərləri daxildir”.
Professor S.Hüseynova öz çıxışında qohum evliliyi və onun fəsadlarından bəhs edərək bu problemin Azərbaycan üçün də aktual olduğunu nəzərə çatdırıb. Əlavə edib ki, şəxslər arasındakı qan bağlılığının yaxınlıq dərəcəsi artdıqca, fəsadların meydana çıxma ehtimalı daha da yüksəlir. İrsi xəstəliklər həm anadangəlmə, həm də uşaq doğulandan sonra müxtəlif yaş dövrlərində özünü büruzə verə bilər.
“Odur ki, aralarında qan bağı mövcud olan şəxslərin nikahdan öncə həkim-genetiklə ətraflı məsləhətləşmə aparması vacibdir. Həkim-genetik xromosom xəstəlikləri olan ailələrin tibbi-genetik məsləhəti, diferensial diaqnostikanın aparılması və ailəvi-geneoloji analizin keçirilməsi kimi çox əhəmiyyətli öhdəlikləri yerinə yetirərək fəsadların qarşısını mümkün qədər almağa çalışacaq.
Təəssüflər olsun ki, bir çox ailələr yalnız xəstə uşaq dünyaya gəldikdən sonra problemin ciddiliyini başa düşür. Belə xəstə uşaqlar həm ailə, həm dövlət, həm də tibb strukturları üçün ciddi yükə çevrilir. Bu səbəbdən qohum evliliyin qarşısını almaq üçün əhalini məlumatlandırmaq, preventiv tədbirlər görməklə yanaşı, bu problemin hüquq müstəvisində təsbit olunması da vacibdir” - deyə o, fikirlərini yekunlaşdırıb.