ATU-nun Yoluxucu xəstəliklər kafedrasında tədris hissə müdiri, dosent Vüqar Cavadzadənin təşkilatçılığı ilə “Yoluxucu xəstəliklərin aktual problemləri” mövzusunda rezidentlərin növbəti seminarı keçirilib.
Tədbiri açan kafedranın müdiri, dosent Cəlal İsayev bu seminarların rezidentlərin mütəxəssis kimi yetişməsində əhəmiyyətli rol oynadığını bildirib. Qeyd edib ki, kafedrada rezidentlərə lazimi şərait yaradılıb və daim onlara kuratorları, eləcə də professor-müəllim heyəti tərəfindən dəstək göstərilir.
Sözünə davam edən C.İsayev vurğulayıb ki, hazırda ölkədə qızılca, suçiçəyi, qarayara və s. infeksiyalara az da olsa rast gəlinir, bu infeksiyaların diaqnozu, müalicəsi və profilaktikasını rezidentlərin dərindən mənimsəməsi olduqca vacibdir.
Daha sonra 16 nəfər I kurs rezident yoluxucu xəstəliklər fənninin ümumi hissəsinə aid mövzular üzrə çıxışlar edib. Çıxışlardan sonra mövzu ətrafında geniş diskussiyalar aparılıb, verilən suallar məruzəçilər tərəfindən cavablandırılıb.
Kafedra müdiri C.İsayev və rezidentlərin rəhbərləri - dosentlər Ələsgər Vəliyev, Mirzamin Muxtarov, Elza Orucova, Şəmsa Rəşidova, Gülnarə İbrahimova, Sulduz Əhmədova, Reyhan Bəylərova, Könül Cəfərova, Samir Məmmədov və assistent Məlahət Bağırova rezidentlərin fəal, çalışqan olduqlarını, elmə böyük maraq göstərdiklərini nəzərə çatdırmaqla yanaşı, onlara öz irad və tövsiyələrini də bildiriblər.