“KA171 Erasmus+ Beynəlxalq Kredit Mobilliyi Proqramı” çərçivəsində Biruni Universitetinin Tibb fakültəsinin Tibbi farmakologiya kafedrasının dosenti, universitet rektorunun köməkçisi Burak Önal Azərbaycan Tibb Universitetinin Farmakologiya kafedrasında akademik fəaliyyət göstərib.
Beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov və kafedra müdiri, professor Musa Qəniyev qonaq müəllimi kafedra əməkdaşlarına təqdim ediblər. B.Önal proqram müddətində Farmakologiya kafedrasının professor-müəllim heyəti üçün “Biruni Universiteti haqqında” və “Farmakologiya fənninin tədrisinə müasir yanaşma” mövzularında seminarlar keçirib, kafedra əməkdaşları ilə fikir və təcrübə mübadiləsi aparıb. O, həmçinin ATU-nun İmtahan Mərkəzində olub və imtahanların keçirilməsi qaydaları ilə tanış olub.
Proqramın sonunda ATU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev qonaq müəllimlə görüşüb. Görüşdə iki universitet arasında tədris və elmi-tədqiqat sahələrində əməkdaşlıq məsələləri müzakirə edilib. Dosent Burak Önala “Erasmus+ proqramı iştirakçısı” sertifikatı təqdim olunub.