Əməkdaşımız beynəlxalq konfransda çıxış edib

ATU-nun Elmi Tədqiqatların İdarə edilməsi Departamentinin rəhbəri, Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri, professor Eldar Qarayev 19-21 sentyabr tarixlərində Özbəkistanın Daşkənd şəhərində keçirilmiş beynəlxalq elmi konfransa qatılıb.

S.Y.Yunusov adına Bitki Maddələrinin Kimyası İnstitutunda təşkil edilmiş, “Təbii birləşmələr kimyasının aktual problemləri” mövzusuna həsr olunmuş tədbirin plenar iclasında əməkdaşımız məruzə ilə çıxış edib. Konfransda toksikologiya, biologiya, farmakologiya, təbii və sintetik bioloji fəal birləşmələrin kimyası sahələrinin aktual problemləri müzakirə olunub.

Konfransa 10-dan artıq ölkədən, o cümlədən Rusiya, Qazaxıstan, Meksika, Çin, Qırğızıstan, Pakistandan bu sahə üzrə çalışan tədqiqatçı alimlər qatılıb. İştirakçılar apardıqları elmi-tədqiqat işlərini nümayiş etdirib, sonda institutun direktoru akademik Ş.Ş.Saqdullayev tərəfindən sertifikat və hədiyyələrlə təltif olunublar.