Bakıda Avropa Radiologiya Məktəbinin (European School of Radiology -ESOR) dəstəyi ilə Azərbaycan Radioloqlar Cəmiyyətinin IV beynəlxalq elmi-praktiki konfransı keçirilib. Tədbirdə 300-dən çox yerli və xarici mütəxəssis radiologiyanın aktual məsələlərinə həsr olunmuş təqdimatlarla çıxış ediblər. İki gün davam edən konfrans zamanı Azərbacyanla yanaşı, Türkiyə, Belçika, İtaliya, Qazaxıstan və Özbəkistandan olan mütəxəssislər radiologiyanın müxtəlif aspektlərini, o cümlədən ən son yeniliklər, innovativ diaqnostik metodlar və müalicə üsulları müzakirə ediblər.
İki gün davam edən bu mötəbər tədbirdə Azərbaycan Tibb Universitetinin şüa diaqnostika kafedrasının rəhbərliyi və əməkdaşları da iştirak ediblər. konfransda çıxış edən ATU-nun şüa diaqnostika kafedrasınınmüdiri professor Məlahət Sultanova müxtəlif xəstəliklərə düzgün radioloji yanaşmanın vacibliyi vurğulayaraq, bu sahədəki müasir meyarlardan danışıb.
Respublikamızın tarixində ilk dəfə olaraq konfrans çərçivəsində Avropada böyük nüfuza malik ESOR tərəfindən "Visiting Professorship Programme To Azerbaijan" adlı kurs da keçirilib. Ümumilikdə, bu konfrans dünyanın müxtəlif ölkələrindən olan iştirakçılara a aktual mövzularda müzakirələr aparmaq, yeni biliklər əldə etmək və beynəlxalq təcrübə ilə tanış olmaq imkanı yaradıb. Konfrans ölkəmizin tibb sahəsində beynəlxalq əməkdaşlığını gücləndirməyə və Azərbaycan radiologiya elminin inkişafına mühüm töhfə verib.