ATU TEC-in beynəlxalq əlaqələr üzrə rəhbərinin növbəti uğuru

 

Azərbaycan Tibb Universitetində təkcə tədrislə kifayətlənməyərək universitetin ictimai həyatında yaxından iştirak edən və elmi araşdırmalara maraq göstərən tələbələrimiz çoxdur. Onlardan biri də II Müalicə-profilaktika fakültəsinin V kursunda təhsil alan Səbinə Həsənzadədir. O, III kursdan bu günədək Tələbə Elmi Cəmiyyətində beynəlxalq əlaqələr üzrə rəhbər vəzifəsində fəaliyyət göstərir.

“Tibb təhsili almaq mənim ən böyük xəyallarımdan biri idi. Ailəmdə ilk həkim olmaq və məndən sonra gələn nəsillərə motivasiya olmağı qarşıma məqsəd qoydum” – deyən Səbinə Həsənzadə tələbəlik illərinin təəssüratlarını da bizimlə bölüşüb: “Tibb Universiteti mənim üçün ikinci ailədir. Universitetimizin müəllim-professor heyəti bizə xüsusi diqqət və qayğı ilə yanaşır. Təhsil aldığım illərdə anladım ki, universitet sadəcə bilik topladığımız yer deyil, o həm də bizə ömürlük dostlar və karyera yolumuzda təməl inşa edən insanlar qazandıran müqəddəs yerdir. Sevindirici haldır ki, tədris prosesi universitetimizdə hər zaman inkişaf etdirilir və ildən-ilə müasir standartlara daha da yaxınlaşır”.

Müsahibimiz onda elmi araşdırmalara həvəsin haradan və necə qaynaqlandığından da söz açıb: “II kursda təhsil aldığım dönəmdə “Dinamik anatomiya” seçim fənnindən müəlliməm sayəsində elmi-tədqiqatla tanış oldum və elə ilk elmi fəaliyyətim o vaxt başladı. Öyrəndikcə və araşdırdıqca marağım daha da artdı və 4 elmi məqalə yazdım. Həmin məqalələr Tacikistan, Niderland, Rusiya, Ukrayna və Portuqaliya kimi ölkələrdən dəvət aldı. İnsan anatomiyasından olan ilk elmi tədqiqatım Tələbə Elmi Cəmiyyəti konfransında yer tutdu. Elə həmin tədqiqat ilə Tacikistanda keçirilən konqresdə universitetimizin maddi dəstəyi ilə iştirak edib, II yer diplomu və rektorumuza xüsusi təşəkkürnamə ilə geri döndüm. Sonrakı il isə Niderlandın Groningen şəhərində keçirən İSCOMS adlı mötəbər konqresdə elmi işimlə Azərbaycan Tibb Universitetini layiqincə təmsil etdim və həmin konqresin Azərbaycandakı səfiri seçildim. Ən son tədqiqat işim isə Ümumi cərrahiyə kafedrasında professor Müşfiq Həsənovun elmi rəhbərliyi altında “Eksperimental pankreonekroz zamanı baş verən endotoksikozun patogenezində pankreas fermentlərinin rolu” idi. Bu tədqiqatıma görə Tələbə Elmi Cəmiyyətinin konfransında II yer diplomu ilə təltif edildim. Daha sonra Naxçıvanda keçirilən “Tibb Tələbələri və Gənc Tədqiqatçıların Respublika Konfransı”nda plenar sessiyada elmi tədqiqatla çıxış etdim və işim “Ən yaxşı elmi tədqiqat” nominasiyasına layiq görüldü. Bu ilin 4-8 sentyabr tarixlərində isə elmi tədqiqatımı Türkiyənin İstanbul şəhərində keçirilən “Türk Dövlətlərinin I Tibb Konqresi”ndə təqdim etdim və o, auditoriya tərəfindən böyük maraqla qarşılandı”.

Səbinənin ilk elmi məqaləsi Tibbi terminologiya və insan anatomiyası kafedrasından Ülviyyə Cəfərovanın elmi rəhbərliyi altında “Karpal tunel sindromunun morfoloji əsaslandırılması” adlı tədqiqat olub. İkinci elmi tədqiqatı Patoloji fiziologiya kafedrasından t.ü.f.d Taryel Ömərovun rəhbərliyi ilə “Səssiz epidemiya: artıq piylənmənin yaş və cins qrupuna görə əsaslandırılması” idi. Üçüncüsü isə, Farmakologiya kafedrasından professor Vəli Əsmətovun rəhbərliyi ilə “Etanolun xroniki təyini fonunda dişi ağ siçovulların qanında cinsi hormonların qatılığının dəyişilməsinə meksidolun təsirinin tədqiqi"dir.

Tədqiqatçı tələbə yuxarıda adıçəkilən və hələlik sonuncu olan 4-cü elmi tədqiqat işinin tezislərini də diqqətə çatdırıb. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi statistikaya istinadən bildirib ki, son illərdə bütün dünyada mədəaltı vəzinin xəstəliklərindən əziyyət çəkənlərin sayında davamlı artım qeyd olunur: “Kəskin pankreatit ən çox yayılmış mədəaltı vəzi xəstəliklərdən biridir. Bu qrup xəstəliklər içərisində çox ağır gedişata malik olanı kəskin pankreatitin pankreonekrozla ağırlaşmasıdır. Bu xəstəlikdən əziyyət çəkən xəstələrin sayında olan davamlı artım onun müalicə problemini son dərəcə aktual edir.

Məqsədimiz eksperimental pankreonekrozlarda orqanizmdə baş verən endotoksikoz zamanı pankreas profermentlərindən olan fosfolipaza - alfa2 aktivliyinin artması ilə bunun fonunda qanın tərkibindəki toksiki maddələrin səviyyəsinin dəyişikliyi arasındakı asılılığı müəyyənləşdirməkdən ibarətdir.

Biz 20 dovşan üzərində venadaxili anesteziya altında Buyanov M.N. metodu ilə kəskin pankreatit modeli yaratdıq. Həmin modeli yaratdıqdan sonra dovşanlardan modelin yaradılmasından 3, 5 və 7 sutka sonra qan nümunələri götürüb laboratoriyada müayinə etdik. Tədqiqatın nəticələri kimi, pankreas toxumasında və parapankreatik nahiyədə pankreas fermentlərindən fosfolipaza A2-nin aktivləşməsi və antioksidant fəallığının azalması ilə endotoksikozun vüsətlənməsi arasında korrelyativ asılılıq olmasını aşkar etdik”.

Gələcək hədəflərindən danışan Səbinə Həsənzadənin arzusu dünyaca tanınmış kardiocərrah olmaqdır. Bu sahədə uğur qazanmaq üçün öz üzərində daim çalışmalı olduğunun da fərqindədir: “Bilirəm ki, həkimlik peşəsi çox məsuliyyət tələb edən sahədir. Buna görə də təhsilimi xaricdə davam etdirib geri dönərək ölkəmin səhiyyə sistemində faydalı yöndə dəyişikliklər etmək istəyirəm. Təbii ki, sadəcə həkimliklə də kifayətlənməyib gələcəkdə tədqiqat sahəsində olan təcrübələrimi təkmilləşdirərək, tibb sahəsində əhəmiyyətli kəşflər etmək qarşımda dayanan əsas hədəflərdəndir”.