Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı, dosent Vüqar Cavadzadənin “Virus hepatitləri” mövzusunda hazırladığı dərs vəsaiti ATU-nun “Təbib” nəşriyyatında nəfis tərtibatla işıq üzü görüb.
Kitabda A, B, C, D, E, F, G, TTV və SEN virus infeksiyalarının aktuallığı, etiologiyası, epidemiologiyası, patogenezi, patoloji anatomiyası, klinik gedişi, diaqnozu, diferensial diaqnozu, müasir müalicə və profilaktika prinsipləri geniş şərh edilib. Həmçinin dərs vəsaitində CDC (Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi), EASL (Avropa Qaraciyər Xəstəlikləri Tədqiqatları Assosiasiyası) və APASL (Asiya Sakit Okean Qaraciyər Tədqiqi Assosiasiyası) kimi elmi mərkəzlərin son məlumatları yer alıb.
Dərs vəsaitinə ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova və Əziz Əliyev adına Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun Yoluxucu xəstəliklər kafedrasının müdiri, dosent Təyyar Eyvazov rəy veriblər. Kitabın redaktoru ATU-nun Yoluxucu xəstəliklər kafedrasının dosenti Mirzamin Muxtarovdur. Dövlət təhsil standartına uyğun çap edilən bu dərs vəsaiti ön sözdən və 10 başlıqdan ibarətdir.
Bu faydalı mənbədən Azərbaycan Tibb Universitetinin tələbələri, rezidentləri, müəllimləri və həmçinin praktik səhiyyə ilə məşğul olan həkim-mütəxəssislər istifadə edə bilərlər. Dərs vəsaiti tərtib edilərkən son illərin elmi məlumatlarından və müvafiq ədəbiyyat materiallarından istifadə olunub.
Məlumat üçün onu da bildirək ki, Azərbaycan dilində ilk dəfə təqdim edilən bu dərs vəsaiti universitetin tədris proqramına uyğun olaraq ATU-nun Böyük Elmi Şurasının qərarı əsasında işıq üzü görüb.