Ağciyərlərin xroniki obstruktiv xəstəliyi ölümün əsas səbəblərindəndir

Rafiq Bayramov: Tütünçəkmə, kimyəvi maddələrin inhalyasiyasına məruz qalma, havanın çirklənməsi əsas risk faktorlarıdır

Hər il noyabr ayının üçüncü həftəsinin çərşənbə günü Ümumdünya Ağciyərlərin Xroniki Obstruktiv Xəstəliyi (AXOX) ilə mübarizə günü kimi qeyd edilir. Həm ağciyərlərin xroniki obstruktiv xəstəliyi, həm də tütünçəkmə ilə mübarizəyə diqqətin yönəldilməsi baxımından önəmli gündür. Bu xəstəliyin səbəbləri, müayinə və müalicəsi, diaqnozu, həmçinin tütünçəkmənin zərərləri ilə bağlı suallarımızı ATU-nun Ağciyər xəstəlikləri kafedrasının müdiri Rafiq Bayramov cavablandırıb.

- Rafiq müəllim, AXOX nədir və təhlükəlidirmi?

- Ağciyərlərin xroniki obstruktiv xəstəliyi tənəffüs yollarında hava axınını məhdudlaşdıran və tənəffüsü çətinləşdirən bir ağciyər xəstəliyidir. Bu zaman həm tənəffüs yollarında, həm də ağciyər toxumasında geri dönməyən dəyişikliklər baş verir.

Ağciyərlərin xroniki obstruktiv xəstəliyi dünyada ölüm səbəbləri arasında dördüncü yeri tutur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, 2021-ci ildə AXOX dünyada 3,5 milyon insanın ölümünə səbəb olub. 70 yaşdan aşağı insanlar arasında AXOX-dan ölüm hallarının təxminən 90%-i aşağı və orta gəlirli ölkələrdə baş verir. AXOX dünyada insanların əmək qabiliyyətini itirməsinin səkkiz əsas səbəblərindən biridir.

- Bu xəstəliyin yaranmasının səbəbləri hansılardır?

- Burada bir neçə risk faktorunun rolu mövcuddur. Onlardan aktiv və ya passiv tütünçəkmə zamanı insanın özünün və ətrafındakıların tütün tüstüsünün inhalyasiyasına məruz qalması bu patologiyanın inkişafına daha çox səbəb olur. Belə ki, ÜST-ün məlumatına əsasən yüksək gəlirli ölkələrdə AXOX hadisələrinin 70%-dən çoxu, aşağı və orta gəlirli ölkələrdə isə 30-40%-i tütünçəkmə ilə əlaqəlidir. Bundan başqa, AXOX-un inkişafına iş yerində toz, tüstü və ya kimyəvi maddələrin inhalyasiyasına məruz qalma, havanın çirklənməsi, o cümlədən xüsusilə aşağı və orta gəlirli ölkələrdə yemək bişirmək və ya qızdırmaq üçün tez-tez biokütlə yanacaqlarından (odun, peyin, məhsul qalıqları) və ya kömürdən istifadə edilməsi zamanı xaric olan tüstünün inhalyasiyasının da təsiri çoxdur.

- Deməli, tütünçəkmə bir çox xəstəliklərdə olduğu kimi, bu xəstəliyin də yaranmasında başlıca faktordur. Bununla bağlı və tütünçəkmə ilə mübarizə haqqında nə deyə bilərsiniz?

- Dünyada tez-tez istehlak edilən tü­tün məmulatları arasında birinci yerdə olan tütünçəkmə insan ölümünə səbəb olan son dərəcə zərərli vərdişlərdən biridir. Tütünçəkmə bütün dünyada qarşısı alına bilən və yoluxucu olmayan xəstəliklərin və bu xəstəliklərlə bağlı ölümlərin əsas səbəbidir. Tütün tüstüsünün tərkibində 7 mindən çox kimyəvi maddə var, on­lardan yüzlərləsi zəhərli və 70-dən çoxu birbaşa kanserogendir. Tütünçəkmə sağlamlığa bütün­lüklə ziyandır. Xərçəng, ürək-damar xəstəlikləri, tənəffüs patologiyaları, cinsi zəiflik, böyrək xəstəlikləri, depressiya, adaptasiya problemi, bey­nin fiziki və psixoloji olaraq passivləşmə­si, mədə-bağırsaq xəstəlikləri və bir çox patologiyalara yol açır. Statistikaya görə, hər il dünyada təxminən 8 milyon nəfər “tütün epidemiyası”nın qurbanı olur. Onların 800 min nəfərindən çoxu passiv tütünçəkənlərdir. Onu da qeyd edim ki, tütünçəkənlərin yarısı 70 yaşına çatmadan vəfat edir. Tütündən istifadə edilməsi ölümə aparan ən mühüm səbəblərdən biridir. ÜST-ün məlumatına görə, tü­tündən istifadə hazırda dünyada hər on nəfərdən birinin həyatına son qoyur. Bundan başqa, tütünçəkmənin təsiri nəticəsində 25-dən çox xəstəlik, o cüm­lədən ürək-damar, ağciyər və onkoloji xəstəliklər daha da ağırlaşır. Aparılan sorğular nəticəsində məlum olub ki, tütündən isti­fadə edənlərin üçdə ikisi onun zərər­lərindən xəbərsizdir. Tütünün tərkibində olan nikotin zəif narkotik maddə sayılır və asılılıq yaradır. Asılılığın müxtəlif üsullarla müalicəsi var və hər yaşda bundan imtina etmək mümkündür.

Tütünçəkmə ilə mübarizə haqqında bildirmək istəyirəm ki, onun zərrə qədər təsəlli verəcək müsbət bir təsiri yoxdur. Tütün çəkənlər özlərinə zərər etməklə yanaşı, ətrafdakıların da təmiz hava ilə nəfəs almaq hüququnu və sağlamlığını pozur. Bununla bağlı dövlət səviyyəsində də tədbirlər görülür. Belə ki, 2017-ci il dekabrın 1-də ölkəmiz­də “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanun qəbul edilib.

- AXOX olan xəstələrin əsas şikayətləri hansılardır?

- AXOX zamanı ən çox rast gəlinən simptomlar nəfəsalmaqda çətinlik, xırıltılı tənəffüs, təngnəfəslik, xronik öskürək, bəlğəm ifrazı və yorğunluq hissinin olmasıdır. Bu əlamətlər xəstəliyin ağırlıq dərəcəsindən və yanaşı patologiyaların olub-olmamasından asılı olaraq dəyişə bilər.

- Bəs bu xəstəliyə necə diaqnoz qoyulur?

- Diaqnozun qoyulması üçün xəstənin ixtisaslı mütəxəssis tərəfindən kompleks müayinəsi aparılmalıdır. Belə ki, xəstədən anamnez topladıqda aktiv və ya passiv tütünçəkmənin olması, havanın çirklənməsi, zərərli iş şəraiti və s. dəqiqləşdirilməlidir. Xəstənin şikayətləri, laborator və instrumental müayinələrin köməkliyi ilə diaqnozu müəyyən etmək olur. Bu müayinələr arasında spirometriya adlanan xarici tənəffüs funksiyasının öyrənilməsinin əhəmiyyəti böyükdür.

- Bu xəstəlik tam müalicə olunub sağalırmı?

- Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bu xəstəlik zamanı bronxlarda və ağciyər toxumasında baş verən dəyişikliklər geridönməz olduğu üçün tam müalicə olunub sağalmaq mümkün deyil. Ancaq xəstəliyin əlamətlərini yüngülləşdirmək və həyat keyfiyyətinə mənfi təsirini azaltmaq mümkündür. Bunun üçün ilk növbədə tütünçəkmədən imtina etmək lazımdır. Bundan başqa, tənəffüs yollarının keçiriciliyini yaxşılaşdıran, bəlğəmgətirici, öskürək əleyhinə preparatlardan, oksigenoterapiyadan, infeksion ağırlaşmaların profilaktikası üçün peyvənddən və s. istifadə edilir.

- Tütünçəkmədən imtina etdikdən sonra orqanizm­də hansı dəyişikliklər baş verir?

- Təxminən 20 dəqiqə ərzində qan təzyiqi nor­mallaşır, 8 saat sonra qanın oksigen sıx­lığı artır, 24 saat sonra infarkt riski azal­mağa başlayır, 48 saatın sonunda sinir uclarının zədələnməsi azalır, dad və qoxu hissləri yaxşılaşır, 2 həftə ilə 3 ay arasında qan dövranı yaxşılaşır, ağciyərlərin tutumu 30 faiz artır. Gəzmək, pilləkən­lərlə qalxmaq daha asan olur.

- Tövsiyələriniz nədir?

- Düzgün həyat tərzinə yönəlmək, tütünçəkməyə meyl yaradacaq bütün vasitələrdən (maşında və evdə külqabı­lar, siqaret qutuları) və tütünçəkməyə meylli çevrədən uzaq durmağı tövsiyə edirəm. Özünüzün və ətrafınızdakıların sağlamlığına laqeyd qalmayın.