ATU-nun Tibbi mikrobiologiya və immunologiya kafedrasının müdiri, professor Həqiqət Qədirova, dosentlər Mətanət Novruzova, Sara Qurbanova, baş müəllimlər Sevda Muradova, Ramilə Bayramova, Təranə Süleymanova, assistentlər Məryəm Qasımova, Ravil Hüseynov, eləcə də Tibb və sağlamlıq elmləri təhsili kafedrasının müdiri, dosent Samir Cavadlının həmmüəllifliyi ilə “Tibbi parazitologiya” adlı dərslik işıq üzü görüb.
ATU-nun Böyük Elmi Şurasının müvafiq qərarı əsasında “Təbib” nəşriyyatında mükəmməl dizayn və tərtibatla çap edilən, “Tibbi protozoologiya”, “Tibbi helmintologiya” və “Tibbi entomologiya” bölümlərindən ibarət olan dərslik Tibb Universitetinin tələbələri, həmçinin həkim-mütəxəssislər və magistrantlar kimi geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Kitabda xəstəlik törədən ibtidailərin və helmintlərin xüsusiyyətləri, törətdiyi xəstəliklərin patogenezi, əsas klinik əlamətləri, diaqnostika üsulları, müalicə və profilaktika prinsipləri haqqında ətraflı məlumat öz əksini tapıb. Bundan əlavə, kitabda parazitar xəstəliklərin həm törədiciləri, həm də daşıyıcıları olan buğumayaqlılar, onların xüsusiyyətləri və onlara qarşı mübarizə tədbirləri şərh edilib.
Dərslik parazitlərin həyat dövriyyələrini və törətdikləri xəstəliklərin klinikasını özündə əks etdirən şəkil və təsvirlərlə də zəngindir.
Dərsliyə V.Y.Axundov adına Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru, professor Adil Allahverdiyev və Azərbaycan Tibb Universitetinin Tibbi mikrobiologiya və immunologiya kafedrasının professoru Nigar Ağayeva tərəfindən rəy verilib.
Dərslik hazırlanarkən elmi yeniliklərdən, müxtəlif ədəbiyyat mənbələrindən, eləcə də CDC (Centers for Disease Control and Prevention – Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi) kimi elmi mərkəzin son məlumatlarından istifadə olunub.