Azərbaycan Tibb Universitetinin (ATU) Azərbaycan dili kafedrasının müəllimi, İmtahan Mərkəzinin müdiri, f.f.d. Ülkər Cəfərova tərəfindən dahi Azərbaycan şairi Nəsiminin yaradıcılığı və onun əsərlərinin dilinə dair yazdığı “İmadəddin Nəsiminin dili” adlı metodik vəsait çap olunub.
Kitabda Azərbaycan dilinin inkişafı tarixində xüsusi yeri olan Nəsiminin yaradıcılığına dair əhəmiyyətli fikirlər yer alıb. Müəllif bildirir ki, Nəsiminin əsərləri üstündən 700 il keçsə belə, çağdaş Azərbaycan üçün önəm daşıyır, müasir oxucular onun şeirlərini asanlıqla başa düşürlər. Azərbaycan ədəbiyyatı tarixində bir səhifə açmış Nəsiminin dili təkcə Azərbaycan dilinin deyil, eyni zamanda orta əsr türk ədəbi dillərinin sonrakı inkişafına güclü təsir göstərmiş, onların yüksəlməsinə xidmət etmişdir. Azərbaycan tarixinin gərgin ictimai-siyasi bir şəraitində yaşamış Nəsimi yaradıcılığında dövrün mübariz ideyaları əksini tapmaqla bərabər, əsərlərinin dili də Azərbaycan ədəbi dilinin bir hissəsinin əksi və zəngin abidəsi kimi böyük qiymət kəsb edir. Nəsiminin yaradıcılığı sübt edir ki, XIV əsr Azərbaycan dili bir tərəfdən xalqın danışıq dilinə, digər tərəfdən isə klassik türk ədəbi dilinə, onun ənənələrinə əsaslanmışdır.
Dərc olunan metodik vəsaitdə təkcə Azərbaycan dilinin keçdiyi zəngin inkişaf yolunun izlərinə yox, eyni zamanda çoxəsrlik tarix və mədəniyyət nümunələrinə də rast gəlinir.