Tibb və sağlamlıq elmləri təhsili kafedrasında 19 dekabrdan etibarən Obyektiv Strukturlaşdırılmış Klinik İmtahan (OSKİ) keçirilir. Hər il imtahanda yeniliklər edən kafedra, bu il də stansiyaları müxtəlif otaqlarda hazırlamaqla standarta yaxın imtahanın təşkilinə, elektron dəyərləndirməyə (planşetlərlə) keçid etməklə isə qiymətləndirmənin şəffaflığına nail olub.
II Müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli hər il olduğu kimi, bu il də imtahanın gedişini diqqətdə saxlayaraq tələbələrlə söhbət aparıb, onların rəylərini öyrənib. Dekan hal-hazırda davam edən, Müalicə-profilaktika fakültəsinin I kursunda tədris olunan klinik bacarıq-1 dərslərində tələbələrin hansı bacarıqlara yiyələndiklərini, nəzəri biliklərini praktikada necə tətbiq etdiklərini və dərs prosesini izləyib.
Kafedranın müdiri, dosent Samir Cavadlı dekanı kafedrada həyata keçirilən digər yeniliklərlə də tanış edib. Bildirilib ki, kafedrada artıq “Pedaqoji peşəkarlığın inkişafı” təlimlərində ağıllı lövhələrdən, tələbələrin bəzi klinik bacarıqlarının tətbiqində isə VR-dən (virtual reallıq) istifadə ediləcək. VR-in işlənmə prinsipi, mövcud ssenarilərlə tanış olan dekan, bu yeniliyin tələbələr üçün faydalı olacağını diqqətə çatdırıb.
Qeyd edək ki, artıq I semestrdən tələbələr təməl həyat dəstəyi dərslərində sərbəst şəkildə Avtomatik Eksternal Defibrilyatorun (AED) tətbiqi bacarığına da yiyələniblər.