ATU-da qış imtahan sessiyası öz axarı ilə davam edir

İmtahanlarda üzrlü səbəbdən iştirak edə və ya müvəffəqiyyət qazana bilməyənlərə əlavə imkan yaradılacaq

Dekabrın 29-dan etibarən Azərbaycan Tibb Universitetində 2024-2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyası başlayıb. İmtahanların gedişi ilə yaxından tanış olmaq üçün İmtahan Mərkəzinə baş çəkərək, mərkəzin müdiri, filologiya üzrə fəlsəfə doktoru Ülkər Cəfərova ilə həmsöhbət olduq.

Onun bildirdiyinə görə, dekabrın 29-dan başlanan imtahanlar yanvarın 31-dək davam edəcək: “Üzrlü səbəbdən imtahanlarda iştirak etməyənlər və ya müvəffəqiyyət qazanmayanlara fevralın əvvəllərində əlavə imkan yaradılacaq. İmtahanın təşkili, ona nəzarət böyük məsuliyyət tələb edir. Hər 40-50 dəqiqədən bir sanki mən də tələbələrlə birgə imtahan verirəm. Bu ildən etibarən 1-ci kurs tələbələrinə ixtisas fənlərindən nümunəvi test tapşırıqlarının verilməsi dayandırılıb. Biz bunun nəticəsini bir neçə gün əvvəl I-II Müalicə-profilaktika fakültələrinin tələbələrindən imtahan götürərkən gördük. Tələbələrin müəyyən hissəsi Anatomiya və Histologiya fənləri üzrə imtahanlardan uğur qazana bilmədi. Hesab edirəm ki, tələbələrimiz bundan nəticə çıxaracaq, artıq mütaliədən başqa çıxış yolları olmadığını anlayacaqlar”.

Ü.Cəfərovanın sözlərinə görə, hələ də bəzi tələbələr imtahanda köməkçi vasitələrdən istifadə etməyə çalışır. Amma nəzarətçilərin peşəkarlığı, ayıq-sayıqlığı nəticəsində bu cür halların qarşısı alınır və müvafiq tədbirlər görülür. İmtahan prosesində mühafizəçilər də öz üzərilərinə düşən vəzifəni məsuliyyətlə həyata keçirirlər.

Müsahibimiz testlərin tərtibi və hazırlanmasında keyfiyyət əmsalının yüksəldiyini də vurğulayıb. Bildirib ki, imtahan zamanı qüsurlu testlərə rast gəlinsə də, əvvəlki illərlə müqayisədə azlıq təşkil edir. Belə ki, qüsurlu testləri bazaya qəbul etməmək üçün böyük diqqət göstərilir. İmtahan sessiyasının sakit və öz axarında davam etdiyini bildirən İM-in müdiri, bu istiqamətdə mütəmadi təkmilləşdirmə işlərinin aparıldığını da diqqətə çatdırıb.

Həmsöhbət olduğumuz Apellyasiya Komissiyasının sədri, professor Gülnarə Əzizova isə tələbələr tərəfindən gündə 170-200 arası apellyasiya şikayəti verildiyini deyib: “Onların əsaslı olanları ekspertlərin iştirakı ilə tələbələrin xeyrinə həll edilir, əsaslı olmayanlar barədə isə şikayət müəlliflərinə məlumat verilir. Bəzi kafedralar testlərin tərtibində qüsurlara yol verir. Bəzən Azərbaycan və rus dillərində qarışıq mətnlərə də rast gəlinir. Şübhəsiz, bu hallar kafedra müdirlərinin nəzərinə çatdırılır. Demək olar ki, nəzəri fənn kafedralarımız testləri böyük məsuliyyətlə hazırlayırlar, bu səbəbdən də işimiz xeyli asanlaşıb. Komissiya hər gün fəaliyyətini imtahan bitəndən 3 saat sonra dayandırır. Hər bir şikayət qəbul edilir və araşdırılır. Komissiya üzvlərinin gərgin əməyi sayəsində tələbələrin haqlı tələblərini həyata keçirmək mümkün olur”.

İmtahan Nəzarət Qrupunun rəhbəri Pəri İsaqovanın verdiyi məlumata görə, hazırda I Müalicə-profilaktika, Əczaçılıq və İctimai səhiyyə fakültələrinin tələbələri imtahan verir: “İmtahanlar öz qaydasında gedir. Bəzi tələbələrin qanunsuz vasitələr keçirmək istəyinin qarşısı mühafizəçilərimiz tərəfindən alınır. Nəzarətçilərimiz tərəfindən də nəzarət güclüdür. 160 nəzarətçidən 42-si prosesdə iştirak edir. Tələbələr artıq yaxşı dərk edirlər ki, yalnız biliyə qiymət verilir, zəhmət çəkib oxumalıdırlar”.

Nəzarətçilərdən Aynur İsmayılova, İlhamə Nuriyeva, Səidə İsmayılova və digərləri də P.İsaqovanın fikirlərini təsdiqləyib və onların nəzarət etdikləri dövrdə heç bir qayda pozuntusuna rast gəlinmədiyini bildiriblər.

Tələbələrin fikirlərini də öyrəndik. I Müalicə-profilaktika fakültəsinin tələbələrindən İlkin Əlişzadə Psixiatriya fənnindən imtahan verib. İmtahanın şəffaf, heç bir müdaxilə olmadan keçdiyini, müvəffəqiyyət qazandığını qeyd edib. Gülşən Babayeva, Şəhla Məhəmmədova, Nəzrin Abdullayeva da imtahan üçün yaradılan şəraitdən razı qaldıqlarını deyiblər.

İmtahan prosesində iştirak edən İctimai səhiyyə fakültəsinin akademik məsləhətçisi Zümrüd Abbaszadə də tələbələrin sərbəst şəkildə imtahan verdiklərini və heç bir müdaxilə olmadığını bildirib.