Azərbaycan Tibb Universitetinin (ATU) Elmi Tədqiqatların İdarəolunması Departamenti elmi işlərin aparılması mövzusunda müzakirə toplantısı təşkil edib. Tədbirdə ATU-nun Elmi Tədqiqatların İdarəolunması Departamentinin nümayəndələri və kafedraların elmi işlər üzrə məsul əməkdaşları iştirak ediblər.
ATU-nun Elmi işlər üzrə prorektoru professor Məlahət Sultan açılış nitqində görüşün məqsədləri haqqında məlumat verib. Universitetin Elmi Tədqiqatların İdarəolunması Departamentinin (ETİD) direktoru, Əczaçılıq toksikologiyası və kimya kafedrasının müdiri professor Eldar Qarayev departamentin fəaliyyəti, hesabat dövründə keçirilən tədbirlər, iclas və vebinarlar haqqında məlumat verib. ATU-nun jurnalı, o cümlədən yüksək kvartilli jurnallarda məqalələrin nəşri barəsində də bilgilər tədbir iştirakçılarına çatdırılıb. ETİD-in Elmimetrik araşdırma və beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri professor Fatimə Seyidbəyova elmi hesabatlarda rast gəlinən problemlər, hesabatların toplanması zamanı qarşıya çıxan çətinliklər və onların həlli yollarından danışıb.
Müzakirələrdə iştirak edən kafedra əməkdaşları onları maraqlandırlan sualları səsləndirməklə yanaşı, müəyyən məsələlərin həlli ilə bağlı təkliflərini də irəli sürüblər.
Görüşün sonunda ATU-nun Elmi işlər üzrə prorektoru professor Məlahət Sultan sualları cavablandıraraq, təkliflərin nəzərdən keçiriləcəyini, belə müzakirələrin müntəzəm surətdə təşkil olunacağını bildirib.