Professor Məlahət Sultan: Elmi strategiyamızın əsas prioritetlərindən biri “Tədqiqat universiteti” statusunun alınmasıdır
Yanvarın 28-də Böyük Elmi Şuranın növbəti iclası keçirilib. İclası açan ATU-nun rektoru, professor Gəray Gəraybəyli gündəlikdə duran məsələləri diqqətə çatdırdıqdan sonra universitetin Elmi işlər üzrə prorektoru, professor Məlahət Sultanın “ATU-da 2024-cü ildə yerinə yetirilən elmi-tədqiqat işlərinin vəziyyəti və qarşıda duran vəzifələr” barədə hesabatı dinlənilib.
O, bildirib ki, ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən biri dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi potensialın inkişafı və yüksək ixtisaslı kadrların hazırlanmasıdır: “Cənab Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Ölkəmizin gələcəyi elmi potensialın səviyyəsi ilə bilavasitə bağlıdır”. Hər bir cəmiyyətin rifahı, tərəqqisi və dünya miqyasında yeri ölkənin rəqabətə qabil elmi kadrlar yetişdirməyə malik olan ali təhsil müəssisələri ilə müəyyənləşir.
“Elm haqqında” Azərbaycan Respublikası Qanunun qəbul edilməsi ilə milli qanunvericiliyimizə “tədqiqat universiteti” termini daxil olmuşdur. Tədqiqat universitetlərinin fundamental və tətbiqi elmi tədqiqatlar aparmaqla yanaşı, yüksək texnologiyalara əsaslanan elmtutumlu sahələrin rəqabətqabiliyyətli kadr hazırlanmasında fəal iştirakı nəzərdə tutulub.
Universitetimiz ilk dəfə olaraq “Times Higher Education Impact Ranking” reytinq cədvəlində yer alaraq sağlamlıq üzrə göstəriciləri müəyyənləşdirən SDG 3 – “Good health and wellbeing” kateqoriyası üzrə ölkəmizdə 1-ci yeri tutub. Bu siyahı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərini tətbiq etməyi bacaran və uğur qazanan universitetləri müəyyənləşdirir. Həmçinin dünya üzrə ali məktəblərin ümumi reytinqində (Overall ranking) ATU ölkəmizin dövlət universitetləri arasında 1001-1500 yerlər intervalında mövqe tutub. ATU Dayanıqlı İnkişaf Məqsədlərinin 4 kateqoriyası üzrə iştirak üçün müraciət edib”.
Sözünə davam edən məruzəçi əlavə edib ki, 2024-2030-cu illər üçün inkişaf strategiyasından irəli gələn elmi strategiyasında da əsas prioritetlərimizdən biri “Tədqiqat universiteti” statusunun alınmasıdır.
Elmi istiqamətlərdən və elmi problemlərdən bəhs edən M. Sultan vurğulayıb ki, “Əhalinin sağlamlığının qorunması” haqqında Respublika Qanununa əsasən təbabət və əczaçılıq sahəsində 3 istiqamət, 9 problem üzrə 57 mövzu yerinə yetirilib və 2024-cü ildə bu mövzulardan 4-ü tamamlanıb. Diqqətə çatdırıb ki, hesabat dövründə respublika əhalisinin sağlamlığının vəziyyəti, yayılmış xəstəliklərinin epidemiologiyası, klinik xüsusiyyətləri, innovasion texnologiyalar əsasında diaqnostikasının və müalicə-profilaktika tədbirlərinin təkmilləşməsi istiqaməti üzrə “Onkologiya”, “Psixiatriya”, “II mamalıq və ginekologiya” və “Neyrocərrahiyyə” kafedralarının mövzusu tamamlanıb.
Xanım prorektor bildirib ki, tərkibində 6 fakültə, 4 klinika və 61 kafedranın olduğu ATU-da bu il yanvarın əvvəlinə olan məlumata əsasən universitetdə 1526 nəfər çalışır. Onlardan 2-si AMEA-nın həqiqi, 3-ü müxbir üzvü, 3-ü isə Rusiya EA-nın xarici üzvləridir. Eləcə də 21-i əməkdar elm xadimi, 37-si əməkdar həkim, 34-ü əməkdar müəllim, 1-i əməkdar bədən tərbiyəsi və idman xadimi, 1-i fəxri bədən tərbiyəsi və idman işçisi, 168-i elmlər doktoru, 756-sı fəlsəfə doktoru, 157-si professor, 430-u isə dosentdir.
Sonra ATU-nun Elmi Araşdırmalar Mərkəzinin direktoru, dosent Orxan İsayev mərkəzin hazırkı maddi bazası və kadr potensialı, eləcə də aparılan yeniliklər barədə məlumat verib.
Bundan başqa, kafedra müdirləri - AMEA-nın müxbir üzvü, professor Nuru Bayramov, professor Məhbubə Vəliyeva, professor Elmira Əliyeva, professor Çingiz Rəhimov və professor Lalə Allahverdiyeva məruzə ətrafında çıxış ediblər. Məruzəni yüksək qiymətləndirən natiqlər rəhbərlik etdikləri kafedralarda aparılan elmi- tədqiqat işlərininin vəziyyətindən danışıb və mövcud problemlərə dair bir sıra təkliflərini səsləndiriblər.
Müzakirələri yekunlaşdıran rektor, professor Gəray Gəraybəyli diqqəti elmi-tədqiqat işlərinə və qarşıda duran vəzifələrə yönəldib: “Biz hər il elmi hesabatımızı müzakirə edəndə bir çox maraqlı fikirlər səslənir və təkliflər əsasında lazım olan işlər həyata keçirilir. Bunu bir çox beynəlxalq nailiyyətlərimiz də təsdiq edir. Ancaq bununla yanaşı, bir sıra problemlərimiz də var. Bu gün burada aparılan səmimi və açıq müzakirələrdə hər kəs öz sözünü dedi.
Problem komissiyalarında müzakirələr daha ciddi aparımalı və üzvlərin iclaslarda aktiv iştirakı təmin olunmalıdır. Düşünürəm ki, oradakı müzakirələr tədqiqatın aktuallığına və yeniliyinə əsaslanaraq konkret istiqamət göstərməlidir. Yəqin ki, bu komissiyaların tərkibinə yenidən baxılmalıdır. Burada deyildi ki, elmi işlərə bəzən səthi, bəzən də qərəzli rəylər verilir. Belə hallar aradan qaldırılmalıdır. Biməliyik ki, elmi istiqamət hər bir universitetin əsas istiqamətlərindən biridir. Bəli, məruzədə də deyildi - Cənab İlham Əliyev hər bir universitetin qarşısına “Tədqiqat universiteti”nə çevrilmək kimi vəzifə qoyub. Çünki günü-gündən dəyişən dünyada işlərimiz yeniləndikcə, tələblər də dəyişir. Nəzərinizə çatdırım ki, bizim beynəlxalq elmi əlaqələrimiz çox genişdir. Hesab edirəm ki, əgər kimsə elmi işlə xarici əlaqərimizdən yararlanaraq məşğul olmaq istəyirsə, beynəlxalq şöbəyə müraciət etsin. Çünki həmin istiqamətdə nüfuzlu universitetlərlə əlaqə yaratsaq və birgə müştərək elmi araşdırmalar aparsaq çox yaxşı olar”.
Sonra şura üzvləri ABŞ-ın Nyu York ştatında yerləşən Albany Tibb Mərkəzinin professoru, Transplantoloji cərrahiyyə şöbəsinin müdiri, Cərrahiyyə şöbəsinin Donorluq və transplantasiya Mərkəzinin direktoru Rauf Şahbazova və İstanbul Universitetinin Urologiya kafedrasının müdiri, professor Ateş Kadıoğluna “ATU- nun Qonaq Professoru” adının verilməsinə münasibət bildiriblər.
İclasda ATU-nun Departament rəhbəri Kamandar Yaqubov İctimai səhiyyə fakültəsinin V kurs tələbələrinə Klinik biokimya (50 saat) və Yoluxucu xəstəliklər (20 saat), Tibbi-profilaktika ixtisasının tələbələri üçün xroniki xəstəliklərin və əlilliklərin epidemiologiyası və profilaktikası (60 saat) fənlərinin yaz semestrində tədrisi barədə məlumat verib. O, daha sonra 2024/2025-ci tədris ilinin payız semestrinin qış imtahan sessiyasından “F” (qeyri-kafi) qiymət alan “Şəhid ailəsi” statusu olan tələbələrin müstəsna hal kimi 25% ödəniş etmədən təkrar imtahanda iştirak etmələrinə də aydınlıq gətirib.
Sonda Səhiyyə Nazirliyi tərəfindən göndərilən və Milli Onkologiya Mərkəzində hazırlanmış monoqrafiyanı, eləcə də dərslik, dərs vəsaitləri və metodik vəsaitlərin nəşrini təsdiqləməklə Elmi Şura öz işini başa çatdırıb.