Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının dosent Fərman Həsənov yeni ixtira üzərində işləyir
Azərbaycanlı alimlərin hazırladığı məqalə Amerikada nəşr edilən beynəlxalq reytinqli “Craniofasial” jurnalında işıq üzü görüb. “A new Approach in management of orbital adherence syndrome” (Orbital yapışma sindromunun idarə edilməsində yeni yanaşma) sərlövhəsi ilə nəşr olunan məqalənin müəllifləri Azərbaycan Tibb Universitetinin Ağız və üz-çənə cərrahiyyəsi kafedrasının əməkdaşları - dosent Fərman Həsənov, assistent Məhəmməd Davudov, rezident Sürəyya İsgəndərovadır.
Məqalədə qaldırılan məsələ aktuallığı ilə diqqət çəkib, Səhiyyə Nazirliyi və Azərbaycan Tibb Universitetinin rəhbərliyi tərəfindən ixtira və yenilik baxımından yüksək qiymətləndirilərək, müəlliflər pul mükafatına layiq görülüb.
İxtira və yeniliyin nədən ibarət olduğunu öyrənmək məqsədilə məqalənin həmmüəllifi, ATU-nun Tədris Cərrahiyyə Klinikasının Ağız və üz-çənə cərrahiyyəsi şöbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru, dosent Fərman Həsənovla əlaqə saxladıq. F.Həsənov öncə onu bildirdi ki, ATU əməkdaşlarının hazırladığı məqalənin beynəlxalq səviyyəli, yüksək reytinqli jurnallarda dərc edilməsi universitetimizin reytinqinin artmasına müsbət təsir göstərir: “Buna nail olmaq üçün biz alimlər də öz üzərimizdə çalışmalı, araşdırmalarımızı davam etdirməli, məqalələr yazmalı, beynəlxalq səviyyəli jurnallarda çap etdirməliyik”.
Müsahibimiz diqqətə çatdırdı ki, sözügedən ixtira və yenilik almacıq və göz yuvasının alt divarının sınıqlarında tətbiq olunan titan lövhə ilə bağlıdır. Belə ki, almacıq və gözaltı sümükdə sınıqlar baş verəndə xəstədə diplopiya, yəni ikigörmə yaranır, gözdə çəpləşmə olur. Bunun qarşısını almaq üçün xəstə osteosintez əməliyyatına götürülməli, sınıq sümüklər bir-birinə tikilməlidir: “Qeyd edim ki, əməliyyat zamanı illərdir titan torlu lövhədən istifadə olunub. Belə bir əməliyyatı 14 yaşlı xəstəm üzərində mən də apardım, həmişə olduğu kimi, titan torlu lövhədən istifadə etdim. Əməliyyat normal keçdi, amma 14 gündən sonra xəstədə yenidən ikigörmə müşahidə olunmağa başladı. Valideynləri narahat oldular ki, bəlkə əməliyyatı düzgün etməmişəm. Daha bir dəqiqləşdirmə üçün xəstəni kompüter tomoqrafiya müayinəsinə göndərdim. Məlum oldu ki, lövhə necə lazımdır, o cür də qoyulub. Fikirləşdim ki, əgər əməliyyat ideal olunubsa, onda bu ikigörmənin səbəbi nədir? Birdən ağlıma gəldi ki, axı qoyduğumuz titan lövhə torludur, yəni deşiklidir. Gözün alt düz əzələsi və ətrafındakı piy toxuma 14 gün ərzində titan torun içərisinə sirayət edib, gözdə çəpləşmə yaranıb. Bu səbəbdən gözün alması hərəkət edə bilmir, əsasən də yuxarı qalxmır. Təkrar əməliyyat etməli oldum, amma lövhəni çıxarmadan üzərinə dental implantologiyada sümük arqumensiyasında istifadə olunan kollagen membran (sorulan membran) qoydum. Bununla da xəstənin tam sağalması nəticəsini əldə edə bildim”.
F.Həsənov bu hadisədən sonra fikirləşib ki, əgər torlu lövhələr görmədə problem yaradırsa, onda onu hamar lövhələrlə əvəz etmək lazımdır ki, piy toxuması və əzələlər hamar lövhənin üzərində yaxşı sürüşə bilsin, yapışmasın: “Əvvəl istədim lövhəni qızıldan düzəldim. Sonra gördüm ki, qızılın istifadəsi ekonomik olmur. Ona görə də öz laboratoriyamda titan lövhənin kompüter tomoqrafiyası əsasında steriolitoqrafik modelini yaratdım. Onu elə hazırladım ki, qayçı ilə kəsmək, sınıq yerinin ölçüsünə uyğunlaşdırmaq mümkün olsun. Bundan sonra mən və kafedramızın əməkdaşları əməliyyatlarda torlu lövhələrdən deyil, hazırladığım titan lövhələrdən istifadə etməyə başladıq. Nəticəsini də gördük. Məsələn, hazırladığım titan lövhə bir xəstədə 5 ildir ki, sınıq yerində qalmaqda davam edir və o indiyədək heç bir problemlə üzləşməyib.
Uşaqlarda böyümə olduğu üçün əvvəllər torlu lövhənin yenidən əməliyyatla çıxarılması tələb olunurdu. Hazırladığımız lövhə sayəsində uşaqların yenidən əməliyyata götürülməsinə ehtiyac qalmadı”.
Xatırladaq ki, ötən il mayın 1-5-də Ağız və üz-çənə kafedrasının müdiri, professor Çingiz Rəhimovla Fərman Həsənov Maldiv Respublikasında beynəlxalq konfransda spiker qismində iştirak ediblər. Ç.Rəhimovun təşəbbüsü ilə F.Həsənov bu yenilik barədə konfransda çıxış edib. Onun çıxışı iştirakçıların böyük marağına səbəb olub. Sonra kafedranın yuxarıda adlarını çəkdiyimiz əməkdaşları bu barədə məqalə hazırlayaraq, “Craniofasial” jurnalına göndəriblər: “Bu, beynəlxalq səviyyəli bir jurnaldır. Məqalənin çap olunması üçün fəaliyyətə başladıq. Çoxlu sual-cavablar oldu, yoxlamalar aparıldı. Ekspertlərdən xüsusi resenziyalar alındı və nəhayət, məqaləmiz adıçəkilən jurnalda dərc olundu.
Çox sevindiricidir ki, Q2 dərəcəsinə layiq görülən məqaləmizə görə Səhiyyə Nazirliyi tərəfindən 3 min manat mükafat təyin olundu. Universitet rəhbərliyi tərəfindən də bu işimiz bir yenilik, ixtira kimi qəbul edilərək dəyərləndirildi və mükafatlandırıldı. Buna görə öz minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, mütəxəssis hazırda implantologiya sahəsində sinusliftinqlə bağlı yeni bir ixtira üzərində işləyir və bu barədə məqalə yazmağa hazırlaşır. Əgər ixtiranı patentləşdirərək seriyalı buraxılışını həyata keçirmək mümkün olsa, bu, universitetimiz və ölkəmiz üçün önəmli elmi nailiyyət olacaq.